Ermənistan: pandemiya şiddətlənir, iqtisadiyyat çökür, repressiya davam edir - ETİRAZ ! 

Son günlər Ermənistandan baş verən hadisələr böyük səs-küyə səbəb olub. “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib. Q.Sarukyan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb olunub. Onun həbs ediləcəyi də istisna olunmur. Q.Sarukyanın məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir. 

Artıq Ermənistanda Q.Sarukyan tərəfdarları etiraz aksiyalarını başladıblar. Diqqət çəkən əsas məqam isə Q.Sarukyanla bağlı son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyidir. 

Ermənistandakı durumu “Sherg.az”a dəyərləndirən politoloq Əhəd Məmmədli bildirib ki, Ermənistanda Sarukyanla bağlı aksiyalara cavab olaraq Nikol Paşinyan siyasi rəqiblərini bir-bir həbs etməyə başladı:



“Ermənistan koronavirus pandemiyasını yaxşı keçirmir, ölənlərin sayı günü-gündən artır, xalq narazıdır. Həmçinin sosial-iqtisadi vəziyyət də gərgindir.Müxalifət bundan istifadə etmək istədi. Paşinyan da bunun qarşısını administrativ resurslarla alıb. Artıq neçənci müxalif siyasətçidir ki, Paşinyan onu həbsə atır”.

“Qərb nə üçün bu olanlarda susur?” sualına gəlincə analitik qeyd edib ki, Ermənistan Qərb üçün uzaqda yerləşən kasıb bir respublikadır:

“Yəni Ermənistan o qədər də təbii sərvətləri olmayan, heç kəsə maraqlı olmayan və Rusiyanın nəzarətində olan bir ölkədir. Paşinyanın həbs etdirdiyi müxalifət liderləri Rusiyanın adamları sayıldığı üçün Paşinyanın onların üstünə gedib həbs etdirməsi Qərb tərəfindən qəbul olunur”.