Qarabağdan danışacaq: Rusiyalı tarixçinin kanalına bütün sosial şəbəkə istifadəçiləri dəstək verməlidir

"Tanınmış rusiyalı tarixçi-politoloq Oleq Kuznetsov Yandex internet resursunda “Qarabağ: Rusiyadan baxış” informasiya kanalı açıb".

"Sherg.az"ın xəbərinə görə, bu barədə tanınmış araşdırmaçı-jurnalist, aparıcı Bəybala Mirzəyev sosial şəbəkədə yazıb.

Jurnalist bildirib ki, Kuznetsovun sözlərinə görə, o bu ideya üzərində uzun müddət işləyib:

“Kuznetsov ilk dəfə olaraq rusiyalı bir elm xadiminin Qarabağla bağlı qərəzsiz faktlar və müzakirələrlə dolu olacaq bir resurs yaratdığını səmimi şəkildə etiraf edib: "Düzünü desəm, bunu ideya da adlandırmaq düz olmaz, çünki bu mənim içimdən gəlib. Uzun illərdir ki, müəyyən qara əllər sayəsində Qarabağ həqiqətləri dünyaya başqa bucaq altında çatdırılır. Hətta Rusiyada bu münaqişə barəsində hərə bir söz danışır. Mən uzun illərdir Qafqazla bağlıyam və indi insanlar soruşurlar ki, reallıqda bu regionda nə baş verir. Bu kanal vasitəsi ilə insanlar faklarla möhkəmləndirilən, dəlillərlə dolu həqiqəti görə biləcəklər".
Kuznetsov bu kanalın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına dəstək olacağına inandığını bildirib. O, ermənilərin ən çox nifrət bəslədiyi rusiyalı alimlərdən biridir. Ermənilər onu susdurmaq üçün müxtəlif vasitələrə əl atıblar. Belə bir cəsarətli insanı dəstəkləməyimiz çox vacibdir. Bizə dost münasibəti bəsləyən rusiyalı tarixçinin kanalına bütün sosial şəbəkə istifadəçiləri dəstək verməlidir".