Abdullah Avey: Azərbaycanda yenə də insanlar, uşaqlar erməni terrorunun qurbanı olur


Hər bir Azərbaycan vətəndaşı 30 ilə yaxındır Qarabağ müharibəsinin ağrılarını, acılarını ürəyində, kürəyində daşıyıb. Ötən əsrin 90-cı illərin əvvəllərində əliyalın, tək başına düşmən önünə çıxan Azərbaycan əsgəri qəhrəmanlıqla mübarizə aparmasına baxmayaraq, xarici qüvvələrin ermənilərə göstərdiyi dəstək səbəbindən torpaqların işğalına mane ola bilmədi.

Bunun nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, azərbaycanlı soydaşlarımız isə ermənilər tərəfindən müxtəlif işgəncələrə və soyqırımlarına məruz qalıblar. O zaman heç bir dövlət öz torpaqlarını qorumaq üçün mübarizə aparan Azərbaycana dəstək vermədi və ya verə bilmədi. Bunun əksinə işğalçı Ermənistan hədiyyə silahlarla təmin edildi və cəsarətləndirildi. Dünya ictimaiyyətinin yaxşı bildiyi bu və digər səbəblərdən o dövrdə mübarizə aparan Azərbaycan gəncləri erməni işğalçıları tərəfindən vəhşicə qətlə yetirildilər. İndi Azərbaycan igidləri tarixi torpaqlarını işğaldan qurtarmaq üçün Vətən müharibəsinə atılıblar.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində 2020-ci ildə “Dünyanın ən nüfuzlu elm adamları” siyahısına daxil edilən, Türkiyənin Süleyman Dəmirəl Universitetinin professoru Abdullah Avey bildirib.

Azərbaycan dövlətinin ötən bu, 27 illik zamanı boş keçirmədiyini vurğulayan professor deyib: “Çox böyük səylər nəticəsində Azərbaycan, o cümlədən ölkə iqtisadiyyatı inkişaf edib, irəliləyib. Azərbaycan yüksələn, çağdaş, qüvvətli orduya sahib bir ölkəyə çevrilib. Azərbaycan Ordusunun təlimi və yenidən qurulmasında qardaş Türkiyənin də böyük dəstəyi olub. Azərbaycan xalqı heç bir zaman işğal edilən torpaqlarından əlini üzməyib, bu işğalla barışmayıb. Ötən bu zaman ərzində bütün sülh danışıqlarına baxmayaraq, Ermənistan ordusu işğal etdiyi ərazilərdən çəkilmədi, əksinə Azərbaycana qarşı bitməyən təxribatlar törətdi. Sentyabrın 27-də ermənilərin növbəti təxribatı soydaşlarımızın səbrini daşıran son damla oldu. On gün ərzində dünya Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev olmaqla Azərbaycan Ordusunun gücünə və qüdrətinə şahid oldu. Dost da, düşmən də anbaan Azərbaycan torpaqlarında aparılan bu Vətən müharibəsini izlədi. Azərbaycan xalqı qanları, canları bahasına tarixi torpaqlarını erməni işğalından azad etmək üçün bir yumruq kimi öz liderlərinin ətrafında birləşdi. Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən Ermənistanın isə bu müharibəni dayandırmaq və işğalı uzatmaq üçün sözün əsl mənasında yalvarmadığı, döymədiyi qapı qalmadı. Geri qaytarılan torpaqlar isə Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi”.

Hazırda əldə edilən humanitar atəşkəsin danışıqlar yolundan daha çox müharibəyə oxşadığını vurğulayan A.Avey deyib: “Yenə də Azərbaycana qarşı təxribatlar edilir, Azərbaycanın şəhər və rayonları raket hücumuna məruz qalır. Dinc insanlar, uşaqlar erməni terrorunun qurbanı olur.

Azərbaycan xalqı və onun dövlət başçısı şərəfli bir yol seçib. Şübhəsiz ki, bu yola baş qoyanlar danışıqlar masasına oturmaq da daxil olmaqla bütün imkanları əvvəlcədən təhlil ediblər və münaqişənin həlli yollarını yaxşı bilirlər. Azərbaycan ordusuna və onun Ali Baş Komandanına etibarımız sonsuzdur. Qarabağ Azərbaycandır!”.