“ Heç kim, heç bir dövlət haqsızları dəstəkləmək istəməz”
“Ona görə Ermənistan, kaş ki, yol yaxınkən qanlı hücumlardan və Qarabağdan əl çəksə. Onsuz da tez-gec olacağı budur”
“Fikrimcə, Azərbaycan Minsk qrupuna çox da əhəmiyyət vermədən yoluna davam etməli və illər öncə işğal olunan torpaqlarına qovuşmalıdır”
“Rusiya Türkiyənin Azərbaycanın yanında olduğunu bilir və bu mövzuda diqqətli davranır”
“Hazırkı hadisələr, Ermənistanın körpə, uşaq bilmədən günahsızları öldürməsi də türk ədəbiyyatına daxil ediləcək”
“Yeddidən yetmişə hər kəs tək səs, tək nəfəsdir və qərarlıdır. Can Azərbaycanın yanındayıq”
İkinci Dağlıq Qarabağ müharibəsinin bir ayı tamam oldu. Ötən həftələr üç qəsəbə, yüzdən çox kəndimizi azad etməklə yanaşı, həm də Cəbrayılda, Zəngilanda, Füzulidə, Qubadlıda Azərbaycan bayrağını dalğalandırdıq. Təbii ki, qanlar, göz yaşları hesabına. Və bir də mənəvi dəstəklə. Türkiyə başda olmaqla, bir çox dünya dövləti haqq səsimizi eşitdi, qələbəmizə sevindi, şəhid xəbərinə kədərləndi. Nə vaxt bitəcəyi məlum olmayan genişmiqyaslı hərbi əməliyyatlar hələ ki, davam edir. Sonunadək gedəcəyik! Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, bizi istəməyənlər, işğalçını dəstəkləyənlər kiminlə rəqs etdiklərini bilmirlər. Eybi yox, bundan sonra öyrənərlər.
Türkiyənin İstanbul universitetinin ədəbiyyat müəllimi, jurnalist Mehmet Nuri Yardımın Dağlıq Qarabağ savaşına dair “Sherg.az”a verdiyi müsahibə də yuxarıda dediklərimizin bariz təzahürüdür.
- Dağlıq Qarabağ savaşının təxminən otuz ildən sonra yenidən başlanmasını necə qiymətləndirirsiniz?
- Dağlıq Qarabağ işğal və zülm altındaydı. Bu, başda Azərbaycan olmaqla, bütün türk dünyasını, vicdanlı insanlığı narahat edirdi. İndi Azərbaycan öz torpaqlarını haqlı olaraq azad edir, vətəndaşlarının məmləkətlərini, kəndlərini qaytarır. Bu, gecikmiş haqqdır. Baş verən hadisələrə çox sevinirik. Əlbəttə, Ermənistanın sivil vətəndaşları hədəf alması hamımızı kədərləndirir. Ancaq, sözsüz ki, bəzi itkilərə görə Qarabağdan imtina etmək olmaz. Azərbaycan ən doğru yoldadır və haqqını əldə edir. Unutmayaq ki, kimsənin haqqı kimsədə qalmaz. Allahdan sizə uğurlar diləyirəm.
- Artıq üçüncü dəfə humanitar xarakterli atəşkəs elan edilir. Amma Ermənistan uduzmağına rəğmən, buna əməl etmir. Təəccüblü deyil?
- Düşməniniz çox səhv istiqamətdədir. Həm haqsız, həm də təcavüzkardır. Sülh görüşləri keçirilir, ardınca növbəti hücum, təxribat… Yəni qarşı tərəfə etibar etmək olmaz. Əlbəttə, bu həqiqət bütün dünyanın gözü qarşısında cərəyan edir. Azərbaycanın haqlı, Ermənistanın haqsız və təcavüzkar olduğunu ağlı başında olan hər kəs görür, bilir. Məncə, Ermənistan dünya ictimaiyyətindən uzun müddət “yapışa” bilməyəcək. Heç kim, heç bir dövlət haqsızları dəstəkləmək istəməz. Ona görə Ermənistan, kaş ki, yol yaxınkən qanlı hücumlardan və Qarabağdan əl çəksə. Onsuz da tez-gec olacağı budur. Bildiyimə görə, bu günlərdə yenə mülki şəxslər hədəfə alınıb və 20-dən çox Azərbaycan türkü öldürülüb. Şəhidlərimizi dərin hüznlə anır, yaralılara şəfa arzulayıram. Zəfər, inşallah, haqlı və işğala məruz qalan Azərbaycanın olacaq.
- Minsk qrupu hər vəchlə bizi danışıqlar masasına dəvət edir. Biz masaya hansı şərtlərlə getməliyik?
- Bu təşkilat inamını və etibarını itirib. Problem otuz ildir ki, həllini tapmayıb. Azərbaycanın haqqlı olaraq daha otuz il gözləməyə səbri yoxdur. Fikrimcə, Azərbaycan Minsk qrupuna çox da əhəmiyyət vermədən yoluna davam etməli və illər öncə işğal olunan torpaqlarına qovuşmalıdır. Əlbəttə, şəhidlər də olur. Amma haqqlı yolda belə itkilər məqbuldur. İnşallah, Qarabağ ən yaxın zamanda tamamilə Azərbaycan ordusunun nəzarətinə keçər və məsələ birdəfəlik həllini tapar.
-Artıq Ermənistan baş naziri Nikol Paşinyanın devrilməsi müzakirə mövzusudur.Bu, reallaşsa, vəziyyət necə dəyişər?
-O, bacarıqsız bir siyasətçi olaraq dünya tarixinə düşəcək. Hətta Ermənistan xalqı da belə bir liderə “layiq deyil”. Erməni vətəndaşları onları çətinə salan və daha da yoxsullaşdıran, həyat şəraitlərini ağırlaşdıran, insanları öz macəralarının arxasınsa sürüyən Paşinyandan ən qısa zamanda canını qurtarmalıdır. İnşallah, özü “bacarmadım, istefa edirəm” deyərək, rədd olub gedər. Beləliklə, həm Ermənistan, həm də Azərbaycan bu ünsürdən xilas olar.
-Rusiyanın münasibətinə dair nə düşünürsünüz?
-Rəsmi Moskva indiyədək tərəfsiz görünərək, zənnimcə, ən düzünü edir. Beləliklə, həm də dünyada təqdir olunur. Əlbəttə, tərəfsiz olmalıdır. Çünki iki ayrı müstəqil ölkənin öz aralarındakı münaqişədən söhbət gedir. Üstəlik, Azərbaycan bu mövzuda yerdən göyədək haqlıdır. Dini inanc baxımından Ermənistana yaxın görünsə də, super güc olaraq Rusiyanın tərəfsiz qalması onun obyektivliyini gücləndirmiş və etibarını artırmışdır.
-Sizcə, Kremlin ehtiyatlı davranmasının yeganə səbəbi qardaş Türkiyədir, ya başqa məqamlar da var?
-Rusiya, sözsüz ki, regional güc olaraq Türkiyənin Azərbaycanın yanında olduğunu bilir və bu mövzuda diqqətli davranır. Fikrimcə, başda Türkiyə olmaqla, digər dövlətlərin də onu tənqid etməməsi üçün rəsmi Moskva belə davranır. Hər halda indi dünya dəyişib. İnformasiya əsrində hər kəs hər şeydən xəbərdardardır. Məsələn Ermənistanın bu savaşda PKK terrorçularından yararlandığını hər kəs bilir. Deməli, PKK-lılar muzdlu qoşun kimi hər yerdə istifadə edilə bilər. Əsasən PKK, DAEŞ, FETÖ başda olmaqla bütün terror qruplaşmaları şahmatdakı piyadadır. Super güclər lazım gələndə ölkənin daxili vəziyyətini dəyişmək, çaxnaşma yaratmaq məqsədilə onlardan istifadə edirlər. İnsanlıq terror qruplaşmalarına qarşı olmalıdır. Çünki onlar hər zaman zülmün və zalimlərin yanında olmuş, məzlum insanların canına qəsd etmiş və çirkin şəkildə istifadə edilmişlər.
-Bir ədəbiyyatçı olaraq fikriniz çox maraqlıdır: dünya və türk ədəbiyyatındakı hansı əsərlər indiki vəziyyətə uyğundur?
-Türkiyə ədəbiyyatı dünya hadisələrinə biganə deyil. Qarabağdakı, Şərqi Türküstandakı, Krımdakı, Kərkükdə…zülmlərə ən çox qarşı duran, şükür Allaha, Türkiyədir. Sadəcə müsəlman olması şərt deyil. Zülmə məruz qalan xristian da, musavi də, və ya başqa bir dindən olsa da, Türkiyə səssiz qalmır. Bu baxımdan Türkiyə dünyadakı bütün məzlumların, günahsızların və zərərçəkmişlərin hamisi olaraq möhkəm bir qala kimidir. Ermənistanın illər əvvəl törətdiyi Xocalı qətliamını unutmamışıq. Bu zülm ədəbiyyatımızda mövzu olaraq işlənib. Şair və nasirlərimiz Xocalıdan yazıblar. Hazırkı hadisələr, Ermənistanın körpə, uşaq bilmədən günahsızları öldürməsi də türk ədəbiyyatına daxil ediləcək. Axı ədəbiyyatçılar dövrlərinin şahidləridirlər. Biz yaşanılanları görməzdən gələ bilmərik.
-Deyirlər ki, ədəbiyyat həyatın əksidir. Ədəbiyyatda heç şər xeyirə qalib gəlib?
-Ədəbiyyat yaxşılığı, gözəlliyi öyrətmək sənətidir. Şər xeyrə, pislik yaxşılığa heç vaxt tam qalib gəlməz. Sadəcə müvəqqəti zəfər əldə edə bilər. Çanaqqalanı xatırlayaq, İstiqlal savaşını yada salaq…Türkiyə tək başına mübarizə aparmış və zəfər əldə etmişdir. Dediyim kimi, müvəqqəti uğurları nəzərə almasaq, şər heç vaxt qələbə qazanmaz. Azərbaycan da bu haqlı savaşında böyük bir zəfər qazanacaq və Qarabağ əvvəlki gözəl dövrlərinə qayıdacaq. Dualarımız Azərbaycan türkü qardaşlarımızladır. Allah yar və yardımcınız olsun.
-Türkiyədki gənclər, tələbələriniz bu vəziyyətlə bağlı nə düşünürlər?
-Azərbaycanın Qarabağı azadlığa qovuşdurmasına dair Türkiyədəki ürəklər bir vurur. Yeddidən yetmişə hər kəs tək səs, tək nəfəsdir və qərarlıdır. Can Azərbaycanın yanındayıq. Haqqlı savaşınızda qələbə qazanmağınız üçün duaçınızıq. Xüsusilə gənclərimiz bu mövzuda çox fəaldırlar. Siyasi mövqelərindən asılı olmayaraq, hər kəs Azərbaycanın yanındadır. PKK tərəfdarını çıxmaq şərtilə Türkiyə indi tək bədəndir. Bu günlərdə hər birimiz “Bir millət, iki dövlət” prinsipini flaqman hesab edirik.