“NATO-Azərbaycan əməkdaşlığı genişlənə bilər” – AKTUAL ŞƏRH 

“Azərbaycanın gələcəkdə yalnız ərazi bütövlüyü çərçivəsində NATO-ya üzvlüyü labüd ola bilər"

NATO ilə Azərbaycan arasında əməkdaşlıq 1994-cü ildən SNT proqramı vasitəsilə başlayıb. 25 il ərzində Azərbaycanla bu təşkilat arasında münasibətlər inkişaf edib. Ekspertlər hesab edir ki, Azərbaycan üçün NATO önəmlidir. Lakin ölkəmiz NATO istiqamətində radikal siyasət yürütmür, üzvlük hədəfini qarşıya qoymur.


Ölkəmiz 25 ildən çoxdur ki, atəşkəsə əməl edirdi. Atəşkəsdən sonra yaranmış sabitlik həm Azərbaycana, həm də Ermənistana Avropa təşkilatlarıma və NATO-ya inteqrasiya prosesini başlatmaq imkanı verdi. İndi isə o sabitlik tamamilə pozulub. 27 sentyabrdan etibarən düşmən təxribatlarına cavab olaraq Azərbaycanın işğalçıya qarşı başlatdığı əks- həmlə hücumu davam etməkdədir.

Türkiyənin Təhkükəsizlik Siyasəti üzrə mütəxəssisi, hərbi ekspert Mete Yarar Qarabağ probleminin böyüyəcəyi təqdirdə Azərbaycanın NATO - ya üzv ola biləcəyini bildirib.

Qeyd edək ki, son günlər bu məsələ ciddi müzakirə mövzusuna çevrilib. Maraqlıdır, Azərbaycanın NATO - ya üzv olması realdırmı və bu, hansı şərtlər daxilində mümkündür? 



Vəziyyəti şərh edən politoloq Məhəmməd Əsədullazadə “Sherg.az”a bildirib ki, söylənilən fikir absurddur, çünki Qarabağ konflikti böyüyə bilməz:

"Azərbaycan Qarabağda apardığı əks -həmlə əməliyyatı ilə prosesləri öz xeyrinə dəyişib. Döyüşün əsas mərhələsi demək olar ki, başa çatıb. Azərbaycan işğal olunmuş ərazilərində erməniləri pərən-pərən edib. İndi yalnız qrup şəklində təmizləmə əməliyyatı aparır.

Münaqişə fonunda götürsək, böyük dövlətlər ABŞ, Rusiya, Avropa dövlətlərindən Fransanı çıxmaq şərtilə neytral yanaşırlar. Türkiyənin Azərbaycana siyasi dəstəyi müəyyən dövlətlərin təzyiqlərinin qarşısını alır. Bu mənada hesab edirəm ki, Qarabağ problemi böyüyə bilməz”

Ekspert diqqətə çatdırıb ki, Azərbaycan de-fakto olaraq Qarabağın bütün nöqtələrindədir:

“Eyni zamanda Azərbaycan yalnız ərazi bütövlüyü təmin edildikdən sonra NATO-ya üzv qəbul edilə bilər. Ümumiyyətlə, həmin qurumun da belə proqramı yoxdur. Azərbaycan NATO-nun sülhyaratma missiyasında çıxış edir.

Müəyyən layihə proqramlarında yer alır. Gürcüstanın bu təşkilata üzvlüyü gözlənilir. NATO-nunda, Azərbaycanın da belə planı yoxdur. Amma NATO-Azərbaycan əməkdaşlığı genişləndirilə bilər. Həmçinin NATO Ukraynanı Donbass məsələsinə görə üzvlüyə qəbul etmir.

Qarabağ münaqişəsinin genişlənməsi də gözlənilmir, artıq məsələ həll edilmək üzrədir. Azərbaycanın gələcəkdə yalnız ərazi bütövlüyü çərçivəsində NATO-ya üzvlüyü labüd ola bilər".

Aygün Mustafayeva