Paşinyan başını itirib, vəziyyət dözülməzdir

Yaxın vaxtlarda Ermənistanda dövlət çevrilişi qaçılmazdır

Dağlıq Qarabağda davam edən müharibə onu göstərdi ki, insan həyatı Ermənistan hökuməti üçün heç bir əhəmiyyət daşımır. Bu barədə Ermənistanın “168.am” nəşri yazıb. Media orqanında dərc olunan məqalədə qeyd olunub ki, hakimiyyətin ətaləti, xarici siyasi korpusun səmərəsizliyi insan ölümlərini artırır və ölkəni fəlakətə sürükləyir. Erməni nəşri vurğulayıb ki, Paşinyan hökuməti üçün yalnız ambisiyalar, naməlum qüvvələr qarşısındakı öhdəliklər, dumanlı siyasi hesablaşmalar mövcuddur:

“Bunun bədəlini erməni xalqı çox ağır ödəyir. İndiki hökumət bilməlidir ki, bu gün, sabah, bir həftə sonra, bir ay sonra qisas vaxtı çatacaq. Ermənistan hakimiyyəti bunun cavabını verməlidir”. Artıq erməni cəmiyyəti, siyasi xadimlər və müstəqil politoloqlar da Paşinyan hökumətinin ağılsız davranışlarının xalqı uçuruma apardıqlarının fərqindədir. Dərk edirlər ki, baş nazir öz absurd qərar və hərəkətləri ilə erməni millətinin aqibətini deyil, sadəcə, şəxsi ambisiyalarını düşünür. Müharibə başlayandan işğalçı ölkənin baş nazirinə qarşı aqressiya daha da çoxalıb. 

Düşmən ölkədə cərəyan edən prosesləri “Şərq”ə təhlil edən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Ermənistanda bir az başında ağlı olan və real vəziyyəti dəyərləndirən siyasətçilər düşdükləri acınacaqlı vəziyyətdən çıxmaları üçün müəyyən konstruktiv fikirlər ifadə edirlər. Deputatın sözlərinə görə, Ermənistanın rəhbərliyində fikir ayrılığının olması Paşinyanın vəziyyətə nəzarətini itirdiyindən xəbər verir:

“Ermənistan prezidenti Armen Sarkisyan Paşinyanın tam əksi olaraq münaqişənin nizamlanmasında Rusiya və Türkiyənin birgə əməkdaşlığının Qarabağ münaqişəsinin nizamlanmasına kömək edə biləcəyini bildirir. Azərbaycanın apardığı 40 günlük müharibə münaqişənin həllinin reallıqlarını dəyişib.

ATƏT-in Minsk qrupunun 27 ildə görə bilmədiyi işi rəşadətli ordumuz qısa bir zamanda icra edib, düşməni tam məğlub halına gətirib. A.Sarkisyan bir prezident kimi başa düşür ki, bu gün münaqişənin həlli və regiona sabitliyin gəlməsi ölkələrimizdən çox uzaqlarda yerləşən Minsk qrupunun fəaliyyəti ilə yox, birbaşa münaqişə tərəfləri və qonşu ölkələrin iştirakı ilə mümkündür”. 

Parlament üzvü bəyan edib ki, artıq Rusiya “2+2” formatının mümkün olduğunu qəbul edib:

“Moskva münaqişənin danışıqlar yolu ilə qısa zamanda həllinin Türkiyə və Rusiyanın əməkdaşlığı ilə mümkün olacağını bildirib. Reallıq odur ki, müharibənin davam etdiyi hər gün Ermənistanı uçuruma aparır və erməni siyasətçiləri bu reallığı qəbul etməyə məcbur qalır.

Münaqişənin yeganə həll yolunun işğalçı ölkənin hərbi birləşmələrinin ölkəmizin ərazisini tərk etməkdən keçdiyini də qarşı tərəf anlamağa başlayıb.

Əgər Paşinyan və onun tərəfdarları “2+2” formatını qəbul etməsələr, yaxın dövrdə Ermənistanda yenidən dövlət çevrilişi qaçılmaz olacaq. Ona görə də Paşinyan prezident Armen Sarkisyanın fikri ilə razılaşmağa məcburdur”.