"Kəlbəcərin boşaldılmasına qədər Azərbaycanın təmkin nümayiş etdirməsi mütləqdir" - Politoloq

Gələcək perspektivdə Azərbaycan, Türkiyə və Gürcüstandan ibarət yeni bir İttifaq qurulması labüddür

 "Azərbaycan bu müharibədə birmənalı qələbə qazandı".
Bu sözləri "Sherg.az"a MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Siyasi şərhçi bildirib ki, Türkiyə və Rusiya arasında ciddi danışıqlar gedir:

"Bu danışıqlar əsasən, monitorinq mərkəzində zabit heyətin fəaliyyəti, türk hərbiçilərindən ibarət xüsusilə sülhməramli qüvvələrinin yerləşdirilməsi prosesi ətrafında aparılır. Moskvadan verilən açıqlamalar ziddiyyət kəsb edərək, yeni bir problemdə  maraqlı görünür. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmaýıb və Xankəndində separatçılar qalmaqdadır. İlk növbədə burada separatçıların fəaliyyətinə son verilməlidir. Rusiyanın Abxaziya və Cənubi Osetiyada olduğu kimi burada fəaliyyət göstərməsinə imkan verilməyəcək. Monitorinq mərkəzini Rusiya Xankəndində deyil, digər Azərbaycan ərazisində yerləşməsində israrlıdır. Bununla Kreml Türkiyə zabitlərinin Xankəndində yerləşməsinin qarşısını almaqla, özlərinin nəzarət etdiyi əraziyə türkləri buraxmamaqda maraqlıdır. Həmçinin danışıqlarlarda yeni şərtlərlə çıxış edirlər. Rusiyanın bu prosesi sabotaj etməsi istisna deyil".

Analitik qeyd edib ki, Türkiyə Müdafiə nazirliyinin verdiyi açıqlama ciddi əhəmiyyət kəsb edir:

"Laçın, Xankəndi, Ağdərə və Xocavənddə yerləşən Rusiya hərbiçiləri bu ərazilərdə yeni bir idarəetmədə israrlı görünür. Ona görə Kremldən fərqli  açıqlamalar verilir. Görünür, Ankara ilə də bu məsələ müzakirə edilib. Türkiyə bütövlükdə Azərbaycanın ərazi bütövlüyündə prinsipial mövqe ortaya qoyub. Bu ərazilərdə Azərbaycanın suverenliyi təmin edilməsi istiqamətində ciddi danışıqlar gedir. Qarabağda Rusiya təktərəfli fəaliyyətdə maraqlıdır. Türkiyə və Azərbaycan Rusiyanın bu planın qarşısını almaq üçün diplomatik müstəvidə danışıqları davam etdirəcək. Əsasən Kəlbəcər, Ağdam və Laçının boşaldılmasından sonra fəaliyyətlərini artıracaq. Digər üç rayonda Rusiyanın fəaliyyəti imzalanan və razılaşdırılacaq sənədlər üzrə təftiş edilməlidir".

M.Əsədullazadə vurğulayıb ki, həlledici mərhələ dekabrın 1-dən sonra başlayacaq:

"Kəlbəcərin boşaldılmasına qədər Azərbaycanın təmkin nümayiş etdirməsi mütləqdir. Rusiyanın regionda qalıcılığı və burada Azərbaycan və Ermənistana qarşı təzyiqləri səmərəli olmayacaq. İlk növbədə Azərbaycan Türkiyə ortaq mövqeyi Moskvanın neytrallağını saxlayacaq. Danışıqlarda Türkiyə öz sülhməramlı qüvvələrini və birgə patrul xidmətinin təşkilində israrlıdır. Tərəflərin razılığa gəlməsi çətin proses olsada mümkün ola bilər.
Rusiyanın burada qeyri- səmimiliyi, şərtlərə əməl etməməsi,  yeni böhrana gətirib çıxara bilər. Azərbaycan qalib tərəfdir və Türkiyə qoşunlarını Şuşada və digər yaxın ərazilərdə yerləşdirməklə,  regionda Rusiyanın fəaliyyətinə ciddi zərbə vura bilər. Azərbaycan 30 ildən sonra həll edici qələbə qazanıb. Regionda yeni bir siyasi nizam formalaşdırıb. Gələcək perspektivdə Azərbaycan, Türkiyə və Gürcüstandan ibarət yeni bir İttifaq qurulması labüddür. Çünki, burada yeni bir İttifaq qurulmasa regionda Rusiya yeni münaqişələrdə maraqlı olacaq".