Ermənistanda repressiya...

Paşinyan ona qarşı çıxanları, istefaya göndərir, dama basır

"Yaxın gələcəkdə Ermənistanda ciddi vətəndaş qarşıdurmasının ortaya çıxması labüddür"

Ermənistanda noyabrın 10-dan başlanan hakimiyyət böhranı davam edir. Paşinyan hökumətinin məğlubiyyətinə, kapitulyasiya bəyanatına imza atmasına etiraz olaraq başlanan aksiyalar fonunda yüksək ranqlı məmurlar ard-arda istefa verir, yaxud vəzifədən uzaqlaşdırılırlar. İstefa dalğası hakimiyyətin bütün qollarını və strukturlarını əhatə edir. Məlumata görə, baş nazir Nikol Paşinyan hökumət üzvlərinin 80 faizini istefaya göndərmək niyyətindədir.

“Joxovurd” qəzeti yazıb ki, ölkənin əmək və sosial məsələlər üzrə naziri Zarui Btoyan, Təhsil, elm, mədəniyyət və idman naziri A.Arutyunyan, Səhiyyə naziri Arsen Torosyan, İqtisadiyyat naziri Tiqran Xaçatryan, Müdafiə naziri David Tonoyan, eləcə də onun müavininin adları istefaya göndəriləcək hökumət üzvlərinin siyahısındadır. Məğlubiyyətə görə günahı başqasında axtaran hökumət başçısı hesab edir ki, həmin məmurlar döyüşlər zamanı vəzifələrinin öhdəsindən gələ bilməyiblər və ona görə də istefaya getməlidirlər. Məlumat üçün bildirək ki, son günlər Ermənistanın Xarici işlər naziri Zöhrab Mnatsakanyan, onun müavini Şavarş Koçaryan, fövqəladə hallar naziri Feliks Çolakyan istefa veriblər. 

Ermənistandakı vəziyyəti “Şərq”ə dəyərləndirən politoloq Ceyhun Əhmədli deyib ki, 10 noyabr bəyanatından sonra Paşinyanın hakimiyyətdə qalmaq üçün bütün vasitələrdən istifadə etdiyi müşahidə olunmaqdadır. Ekspertin sözlərinə görə, baş nazir əlində olan inzibati-siyasi rıçaqlardan istifadə edərək öz rəqiblərinə qarşı sözün əsl mənasında repressiya həyata keçirir:

“Təsəvvür edin ki, parlamentdə əsas müxalifət partiyası olan “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri hazırda həbsxana həyatı yaşayır. Həmçinin, milliyətçi xarakteri ilə seçilən “Daşnaqsütyun” partiyasının bir sıra rəhbər şəxsləri həbs olunublar.

Paşinyan ona yönəlik hər hansı tənqid səsləndirən siyasiləri dərhal sərt siyasi təzyiqlərə məruz qoyur, yaxud da həbs etdirir.

Vəziyyət hətta o həddə çatıb ki, Paşinyanın təmsil olunduğu düşərgədə belə ona qarşı dayanan qüvvələr ortaya çıxıb. Paşinyanın son bəyanatlarından sonra onun blokunda yer alan 5 deputat istefa verib.

Bundan başqa, Xarici işlər naziri Zöhrab Mnatsakanyan Paşinyanın Şuşa ilə bağlı bəyanatını təkzib etdiyi üçün istefaya göndərilib. Baş nazirin öz müavini də istefa verərək vəzifəsindən uzaqlaşıb.

Görünən odur ki, Paşinyan nəyin bahasına olursa-olsun, öz kreslosunu qoruyub saxlamq niyyətindədir. O, bundan ötrü istənilən repressiv addımı atmağa hazır görünür. Bu isə ondan xəbər verir ki, yaxın gələcəkdə Ermənistanda ciddi vətəndaş qarşıdurmasının ortaya çıxması labüddür”.