Tramp da, Bayden də bilir: “Paşinyan Kremlin “oyuncağı”dır” – Gedir ! 

“Ona görə də rəsmi dəstək vermirlər”

“Baş nazir istefaya getməyə hazırdır. Sadəcə özünə bəraət qazandırır və demokratik lider imici yaratmaq istəyir”



Ermənistanın baş naziri Nikol Paşinyan istefaya gedib-getməyəcəyinə aydınlıq gətirmək məqsədilə "Facebook" səhifəsində paylaşım edib. O, paylaşımında deyib: 

“Xalqın qərarı nəticəsində baş nazir postundan getməyə hazıram. Baş nazir postunu yalnız xalqın qərarı ilə tərk edə bilərəm. Xalqın inamı yenidən bərpa olunacağı təqdirdə, bu çətin dövrlərdə də Ermənistan Respublikasının rəhbərliyini davam etdirməyə hazıram. Bütün bu sualların cavabını almaq üçün yalnız bir yol var - xüsusi parlament seçkiləri keçirmək. Parlamenti və parlamentdən kənar qüvvələri 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məsləhətləşmələrə dəvət edirəm".

 “Məsləhətləşmələr davam edirəm” ifadəsi əslində özü-özlüyündə onun sərbəst olmadığının, müstəqil qərar vermədiyinin göstəricisidir. Amma bu məsələnin üstündə çox da dayanmadan diqqəti başqa bir məqama çəkək: az qala, elə hakimiyyətə gəldiyi ilk aylardan etibarən onun devriləcəyini eşidirik. Təkcə biz yox, erməni xalqı özü də hər səhəri ümidlə açır. Amma nə çarə? Etiraf etmək lazımdir ki, bütün siyasəti yalan üzərində qurulan bir adam üçün belə bleflər o qədər də təəccüblü deyil. Amma səhv işləyən saat belə, arada bir doğru vaxtı göstərir axı…Bəlkə, Paşinyan, nəhayət, “taxt”ından vidalaşmaq ərəfəsindədir?



Politoloq Fikrət Sadıqov Ermənistandakı daxili vəziyyət “Sherg.az”a təhlil edərkən bildirib ki, baş nazirin devrilməsi onun öz arzusu da ola bilər:

 “Xalqı, insanları hədələyərək hakimiyyətə gələn, onları təhdid edən adam indi necə demokratiyadan danışa bilər?! Bu, gülüncdür. Yazdığı status onu deməyə əsas verir ki, Paşinyan istefaya getməyə hazırdır. Sadəcə özünə bəraət qazandırır və demokratik lider imici yaratmaq istəyir.

Paşinyanın taleyi ABŞ-ın yeni prezidenti Co Baydenin əlində deyil. Nə Tramp, nə də Bayden Ermənistan baş nazirini lazımi qədər dəstəkləyir. Çünki ikisi də başa düşürlər ki, səristəşiz lider Kremlin “oyuncağı”dır. Ona görə də rəsmi dəstək vermirlər”.

F.Sadıqovun fikrincə, hakimiyyət dəyişikliyindən asılı olmayaraq atəşkəs hələ bir müddət stabil qalacaq: 

“Yeni müharibənin başlanmasını düşünmürəm. Birincisi, ona görə ki, biz torpaqlarımızı azad etmişik. Ermənistan yenə torpaqlarımıza göz dikəcək? İnanmıram. İkincisi isə  düşmən çox zəifləyib. Nəyəsə gücü qalmayıb. Düzdür, hədə-qorxu gələ, gurultulu bəyanatlar səsləndirə bilərlər. Amma onları əməldə görməyi gözləmək lazım deyil”.