Rusiyada daha bir general saxlanıldı

Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi Leninqrad Hərbi Dairəsinin komandanının maddi-texniki təminat üzrə müavini, general-mayor Valeri Mumincanova qarşı cinayət işi açıb.
Sherg.az APA-ya istinadla xəbər verir ki, general Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin (xüsusilə külli miqdarda rüşvət alma) 6-cı bəndi ilə təqsirli bilinir.

İstintaqa görə, Mumindjanov əvvəllər Rusiya Federasiyası Müdafiə Nazirliyinin Resurs Təminatı Departamentinin rəisi vəzifəsində çalışan zaman Xüsusi Hərbi Əməliyyat ərazisi də daxil olmaqla, qoşunlara 1,5 milyard rubldan çox məbləğdə geyim forması tədarükü ilə bağlı kommersiya şirkətləri ilə müqavilələrin bağlanmasına köməklik göstərib. Müstəntiqlər hesab edirlər ki, bunun üçün o, iş adamlarından 20 milyon rubldan çox məbləğdə rüşvət alıb.

Bundan başqa, müəyyən edilib ki, Leninqrad Hərbi Dairəsinin komandirinin müavini və onun qohumlarının Moskva və Voronejdə 120 milyon rubldan çox dəyəri olan daşınmaz əmlakları var. İstintaq Komitəsindən bildirilib ki, hazırda onların əldə edilməsinin qanuniliyi də yoxlanılır.

Valeri Mumindjanov saxlanılıb, onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.

Qeyd edək ki, Rusiyada rüşvət və korrupsiya cinayətlərinə görə son vaxtlar yüksək vəzifəli və rütbəli hərbçilər həbs olunub.