Axşam televizora baxdıqdan sonra bir çox insan pultdakı söndür düyməsini basmaqla kifayətlənir. Bəs, prizi elektrik yuvasından ayırmamaq təhlükəli deyil? Ümumiyyətlə, elektrik vasitələrindən istifadə edərkən hansı təhlükəsiz qaydalarına əməl etməliyik?
Sualımızı cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a söyləyib ki, elektrik vasitələrindən istifadə zamanı mütləq elektrik təsərüfatında təhlükəsizlik qaydalarına riayət etmək lazımdır:
''Birinci növbədə elektrik cihazları saz vəziyyətdə olmalıdır. Bu yanğın təhlükəsizliyi baxımından yolverilməzdir. Evin, obyektin elektrik təsərrüfatı yük tutma qabiliyyətinə uyğun olaraq hesablanıb elektrik şəbəkəsi düzgün qurulmazsa, elektrik naqilləri normadan artıq yüklənərsə, qızma, qısaqapanma, alışma, yanğın hadisələri baş verə bilər. Bunun üçün də evin elektrik şəbəkəsinin işlək, keyfiyyətli elektrik naqilləri ilə təmin edilməsinə nəzarət etməliyik. Təbii ki, bütün elektrik vasitələri eyni anda çalışarsa, yanğın qaçınılmazdır. Qeyd edim ki, evi tərk edərkən elektrik qurğularını cərəyandan çıxardın. Bu yanğın təhlükəsizliyi baxımından çox vacib nüansdır".