Azərbaycan qanunvericiliyində 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab olunur. Hazırda ölkəmizdə beşdən çox uşağı olan qadınlara dövlət tərəfindən aylıq hər uşağa görə 105 manat məbləğində müavinət verilir.
Bəs həmin müavinət nə vaxt dayandırılır? Uşaqlardan biri 18 yaşına çatdıqda və ya vəfat etdikdə prosses necə davam etdirilir?
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib ki, ölkəmizdə hər bir uşağa görə qeyd-şərtsiz müavinət verilməlidir:
''Bu hər bir vətəndaşın hüquqlarından biridir. Çünki dövlət doğulan uşağa görə, öhdəlik daşıyır. Təbii ki, həmin ailənin imkanı olduğu təqdirdə müavinətdən imtina edə bilər. Lakin vəsaitlərin hansısa bəhanə gətirilərək verilməməsi və kəsilməsi düzgün deyil. Hər bir halda verilən müavinətə görə, minimum əməkhaqqı nəzərə alınır. Aztəminatlı ailələrə isə hər bir uşaq üçün əlavə pul ödənilir. Dünyaya gələn uşağa görə müavinət ayrılır, lakin bu sonradan kəsilir. Əslində isə valideynin imkanından asılı olmayaraq dövlət tərəfindən hər bir uşağa görə vəsait ödənilməlidir. Beşdən çox uşağı olan qadınlara dövlət tərəfindən verilən müavinətə gəlincə isə, bu ödəniş uşaqların18 yaşı tamam olan ayın sonunadək davam etdirilir. Müavinətin təyinatından sonra uşaqlardan hər hansı birinin 18 yaşı tamam olduqda və ya vəfat etdikdə isə ona ödənilən vəsait müavinətin ümumi məbləğindən çıxılır. Digər uşaqlar üçün nəzərdə tutulan vəsaitin ödənişi isə davam etdirilir".