Ekspert: Nəqliyyatdakı problemləri həll etmək üçün təkcə zolaqlar kifayət etmir

Kompleks iş görülməlidir


Ötən ilin dekabr ayından etibarən paytaxtın müxtəlif küçə və prospektlərində avtobus zolaqlarının çəkilişinə başlanılıb.
Sərnişinlər üçün həmin zolaqdan istifadə rahatlıq yaratsa da, sürücülər bundan narazıdırlar. Onlar bildirirlər ki, günün pik saatlarında yollarda sıxlıq, tıxac müşahidə olunur. Xüsusən də, taksi sürücüləri yaranan vəziyyətdən narazıdır, çünki zolaqlar yalnız avtobuslar üçün nəzərdə tutulub.

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə “Sherg.az"a açıqlamasında deyib ki, tıxaclara səbəb sadəcə avtobus zolağının çəkilməsi və yaxud avtomobil çoxluğu ilə əlaqədar deyil. Onun sözlərinə görə, tıxacların səbəbi yollarda aparılan təmir işləri və kütləvi tədbirlərin  keçirilməsidir: 

“Kütləvi tədbirlər keçiriləndə yollar bağlanır, alternativ yollar təklif edilir. Bakı şəhərində yeni mövsümə hazırlıq işləri gedir. Bir sıra yollarda təmir işləri aparılır. Sıxlığın, tıxacların olmasının bir səbəbi də bunlardır. Təmir-tikinti işləri, kütləvi tədbirlər bitəndən sonra sıxlıq da azalacaq”.

E.Cəfərov deyib ki, avtobus zolaqları salınarkən yolun ötürücülüyü nəzərə alınmalıdır:
 “Müvafiq qurumlar bu zolaqları salmadan öncə məsələ ilə bağlı müəyyən hesablamalar aparırlar”.
Ekspertin fikrincə, nəqliyyatdakı problemləri həll etmək üçün təkcə zolaqlar kifayət etmir, kompleks iş görülməlidir: "Şəhər küçələrində, prospektlərdə ictimai nəqliyyat üçün ayrıca zolağın mövcud olması çox gözəldir. Məqsəd də odur ki, avtobus tıxaca düşməsin, insanlar mənzil başına rahat çatsınlar və həm də anlasınlar ki, ən yaxşı seçim ictimai nəqliyyatdır. Belə olan halda, fərdi avtomobillərdən imtina etmək, tədricən ictimai nəqliyyatı populyarlaşdırmaq olur. Dünyanın ictimai nəqliyyatı inkişaf etmiş ölkələrində bunu tətbiq edirlər. Çox gözəl də effekt verir. Lakin yuxarıda sadaladığım problemlər ölkəmizdə bu sistemin effektivliyinə kölgə salır”. 
Qeyd edək ki, digər nəqliyyat vasitələrinin avtobuslar üçün ayrılan zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə nəzərdə tutulub.