Azərbaycanda rəsmi nikah yaşı 18-dir. Əvvəlki qanuna görə, üzrlü səbəblər olduqda bu həddi 1 yaş endirmək mümkün idi. Belə ki, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilərdi. Ancaq bu il qanuna dəyişiklik edilərək, sözügedən qayda ləğv edilib.
Sherg.az Modern.az-a istinadla məlumatına görə, 2023-cü ildə 18 yaşadək rəsmi qeydə alınan gəlinlərin sayı 223 olub.
Bu göstərici 2022-ci illə müqayisədə az olsa da, 2020 və 2021-ci illə müqayisədə çoxdur. Son illərdə rəsmi qeydə alınan bəy və gəlinlərin sayı aşağıdakı kimidir:
2015-ci il: 388 gəlin, 3 bəy.
2016-cı il: 312 gəlin, 3 bəy.
2017-ci il: 317 gəlin, 1 bəy.
2018-ci il: 338 gəlin.
2019-cu il: 366 gəlin, 1 bəy.
2020-ci il: 165 gəlin, 1 bəy.
2021-ci il: 137 gəlin, 1 bəy.
2022-ci il: 270 gəlin, 1 bəy.
2023-cü il: 223 gəlin, 1 bəy.
Mövzu ilə bağlı fikirlərini "Sherg.az"la bölüşən sosioloq Mətanət Məmmədova deyib ki, bu statistik rəqəmlər bir tərəfdən qorxudur, bir tərəfdən dəhşətə gətirir, digər tərəfdən isə təəssüf hissi yaradır:
“Sözügedən rəqəmlər hər il onlarla azyaşlı qızın nikaha cəlb olunmasının göstəricisidir.
Qorxuludur, ona görə ki, cəmiyyətimizin əksər nümayəndəsi hələ də hüquqlarının nədən ibarət olduğunu bilmir və bu, onların övladlarının həyatına təsirsiz ötmür.
Dəhşətlidir, çünki, bu qədər sayda erkən nikaha daxil edilən, ana olan qızlarımız var. Təəssüf hissi doğurmasının səbəbi isə XXI əsrdə cəmiyyətimizdə hələ də keçmiş əsrlərin şüuru, düşüncəsi ilə yaşayan valideynlərin olmasıdır. Bu, bir tərəfdən də cəmiyyətimizin günahıdır. Görünən odur ki, biz bir-birimizi tənbeh edə, düzgün yol göstərə bilmirik".
Sosioloq vurğulayıb ki, ailə, qadın və uşaqlarla çalışan aidiyyatı qurumlar işlərini günün tələbləri səviyyəsində qura bilmir:
"Dövlət tərəfindən erkən nikahların qarşısının alınması üçün illərdir, müvafiq tədbirlər həyata keçirilir. Nikah yaşı da 18 olaraq müəyyən edilib. 18 yaşa qədər nikaha girməklə bağlı isə bəzi istisnalar vard idi. Lakin bu istisnalardan süni şəkildə istifadə etməyə başladılar. Ona görə də gələn ildən bu istisnalar da aradan qaldırılaraq nikah yaşı 18 olaraq müəyyən edilir. Qanunvericilikdə bu yeniliyin tətbiq olunması isə erkən nikahların qarşısını alan amillərdən biri olacaq. Amma tək bununla kifayətlənmək olmaz. Aidiyyatı qurumlar gənclərlə hərtərəfli iş aparmalı, şəhər və kəndlərdə bu sahədə əsaslı maarifləndirmə işləri görülməlidir. Həmçinin bu tək gənclər arasında deyil, ümumilikdə vətəndaşlar arasında olmalıdır. Çünki valideyn erkən nikahın nə qədər zərərli olduğunu dərk edərsə, övladını buna təhrik etməz. Həmçinin övladı erkən nikaha girmək istəyəndə ona qadağa qoya, nəticələri başa sala bilər. Məhz bu tədbirlərlə bu gün insanı həddindən artıq heyrətləndirən statistikanının dəyişdiyinin şahidi ola bilərik”.