“İrəvan sülh müqaviləsi üzrə 10-cu təkliflər paketini Bakıya göndərib”. Bunu Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan açıqlayıb.
Nazir müavini İrəvanın Cənubi Qafqazda sülhün əldə edilməsinə hazır olduğunu bildirib. V.Kostanyan Ermənistanın suverenlik və yurisdiksiyasında olmaqla, qarşılıqlı və bərabərlik prinsipləri əsasında regional nəqliyyat kommunikasiyalarınıın açılmasına razı olduğunu qeyd edib.
Kostanyanın fikirlərini “Sherg.az”a dəyərləndirən politoloq Azad Məsiyev bildirib ki, Ermənistan sadəcə olaraq sözdə sülhdən danışır:
“Bu çağırışla beynəlxalq ictimaiyyətdə özlərini sülhpərvər dövlət kimi təqdim etmək istəyirlər. Əslində isə bəhanələr gətirməklə sülh sazişindən yayınaraq silahlanmağa daha çox üstünlük verirlər. Burada məqsəd vaxtı uzatmaqla Qərbi arxasına alaraq Azərbaycana təzyiq göstərməkdən ibarətdir. Əgər Nikol Paşinyan sülhə getmək istəyirsə mütləq şəkildə Azərbaycanın şərtlərini qəbul etməlidir. Çünki sülh sazişinin təməl prinsipi biri-birinin ərazi bütövlüyünü tanımaqdır. Ermənistan konstitusiyasına görə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialı məqamlar var. Bu isə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımadığı anlamına gəlir. Bu baxımdan Ermənistan referendum keçirərək öz konstitusiyalarını dəyişməlidirlər. Bundan sonra Ermənistanın hansısa sülhdən danışmaq haqqı ola bilər. Amma Nikol Paşinyan sülh sazişi olduqdan sonra 2027-ci ildə konstitusiyanın dəyişməsinə baxıla bilər kimi fikirlər bəyan edir. Kim zəmanət verir ki, 2027-ci ildə Ermənistan konstitusiyanı dəyişəcək? Buna təminat yoxdur. Ona görə də Ermənistan sülh üçün Azərbaycanın şərtlərini yerinə yetirilməlidir”.
Ekspert qeyd edib ki, Rəsmi İrəvan Qərbdən aldığı təlimat əsasında hər vəchlə sülhə maneə olmağa çalışır:
“Ermənistan indiyə qədər üzərinə götürdüyü heç bir öhdəliyi həyata keçirməyib. Eyni zamanda, 10 noyabr sazişinin müddəalarının heç birini könüllü şəkildə icra etmədi. Onların hamısını Azərbaycan məcbur etməsi ilə yerinə yetirdi. Digər tərəfdən isə 10 noyabr sazişinin 9-cu bəndinə əsasən Zəngəzur dəhlizinin təhlükəsizliyinə Rusiya Federasiyası nəzarət etməlidir. Çünki hələlik Ermənistan dövlətinə etibarımız yoxdur. Bu mənada Azərbaycan Respublikasının vətəndaşları Naxçıvana gedib-gəlməyinə zəmanət verilməlidir. Ermənistan isə Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsini qeyri-məqbul sayır və bunu bəhanə edərək Azərbaycanla nəqliyyat infrastrukturunu açmır”.
Politoloq vurğulayıb ki, ümumiyyətlə sülh sazişinin imzalanması üçün Ermənistan konstruktiv addımlar atmalı və qonşularla dinc yaşamaq prinsipinə əməl etməlidir:
“Amma Ermənistanın apardığı siyasət qonşularla dinc yaşamaq prinsipinə uyğun deyil, əksinə olaraq silahlanmağa üstünlük verməklə münaqişə yaratmaqdır. Ermənistan təkcə Azərbaycana qarşı yox, region dövlətlərinə də təhlükə yaradır. Nikol Paşinyan qlobal güclərin maraqlarını Cənubi Qafqazda toqquşduraraq, regionda xaos yaratmağa çalışır. Nikol Paşinyanı hakimiyyətə gətirən qüvvələr Ermənistan üzərindən Cənubi Qafqaza soxulmağa səy göstərirlər”.