Paytaxt Bakıda mənzil bazarında qiymətlər ildən-ilə durmadan artır.
Xezerxeber.az-ın məlumatına görə, xüsusilə yeni tikili binalardan mənzil almaq hər kəs üçün əlçatan deyil.
Yeni tikili binalarda daxili kreditlə satışa çıxarılan mənzillər əksər hallarda 36 və 60 aylıq kredit şərti ilə təklif edilir. Paytaxtda mənzil qiymətlərinin 100 min manatdan baha olduğunu nəzərə alsaq, yeni mənzil sahibi olmaq istəyənlər aylıq ortalama iki min manatdan çox pul ödəməlidirlər.
Əmlak ekspertlərinin sözlərinə görə, 3 və 4 otaqlı mənzillərdə qiymətlər yüksək olduğundan bəzi binalarda aylıq ödəniş 5 min manatdan da çox olur. Şirkətlər isə daxili kredit müddətinin uzadılmasının marağında deyillər.
Sual yaranır. Yeni tikilən binalarda daxili kreditin müddəti niyə azdır? Ümumiyyətlə, hazırda mənzil bazarında qiymətlər nə yerdədir?
Məsələ ilə bağlı "Sherg.az"a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, son 20 il ərzində mənzillərin qiymətinin iki dəfə artmasının səbəbkarı tikinti şirkətləridir:
''2006-cı ildə armaturun kəskin bahalaşması nəticəsində evlərin qiymətində təxminən 25-30 faiz qalxdı. 2020-ci ilin sonundan etibarən isə azad olunmuş torpaqlarda kütləvi tikinti işləri aparıldığı üçün monopoliya olan strateji inşaat malları artdı. Buna görə də tikinti şirkətləri qiymətləri qaldırdılar. Məsələn, armaturun bu vaxta kimi bir tonu 780-800 manat olurdusa, indi qiyməti artaraq 1250-1380 manat dəyərindədir. Daha sonra isə tək armaturun deyil, digər inşaat materiallarının da qiyməti qalxdı. Eyni zamanda inşaat normativləri sərtləşdirildiyi üçün tikinti şirkətləri fürsətdən istifadə etdilər. Adətən, tikinti şirkətləri evin bünövrə səviyyəsindən başlayanda krediti 36 ayadək verir. Şəhərdən kənar satışın az olduğu ərazilərdə vətandaşlara maksimum 60 aylıq kredit təklif olunur. Lakin kredit müddəti artdığı üçün evin qiyməti də qalxır. Bunun səbəbi isə inflyasiya, tikinti materiallarının qiymətinin bahalaşması və az həcmli rəqabətdir. Həmin şərtlər isə heç də istehlakçının cibinə uyğun deyil''.
Ekspert vurğulayıb ki, 4 il ərzində evin bir kvadrat metrinin dəyəri orta hesabla 30-35 faiz artdığı üçün vəziyyət istehlakçıya ciddi təsir edir:
''Çünki bir çoxunun gəlirləri həmin səviyyəyə uyğun deyil. Əslində stabil qiymət artımı iqtisadiyyatın hər bir dövründə baş verib. Çox ehtimal ki, evlərin qiyməti yenə bahalaşacaq. Yəni, Daşınmaz əmlaka təlabat yüksək olduğundan bu seqmentdə qiymətlərin azalması gözlənilmir. Sadəcə son illər əmlak bazarında qiymətlərin qeyri-stabil artması vətəndaşların ipotekaya müraciətinin sayını çoxaltdı".