Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan çıxışında bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Bakıya söz verdi ki, 2027-di ildə ölkənin konstitusiyası dəyişəcək. Deputat Paşinyan üçün növbəti seçkilərdə əsas kartın sülh müqaviləsi olduğunu bildirib:
“2026-cı ildə parlament seçkiləri olacaq, nələrin baş verəcəyini bilmirik. Paşinyan üçün ən yaxşı kart sülh müqaviləsinin olmasıdır. Kağızda “sülh” sözünün yazılması vacibdir, bu, kapitulyasiya sənədi olsa da, fərq etməz. Baş nazir deyəcək ki, ölkəyə sülh gətirib”. Digər tərəfdən isə Paşinyan Azərbaycan Konstitisiyası ilə bağlı yalan iddialar səsləndirir. Amma Azərbazərbaycanın heç kimə qarşı ərazi iddiası yoxdur. Beləliklə Paşinyanın dediklərinin heç bir hüquqi əsası yoxdur və aydın görünür ki, Ermənistan manipulyativ mexanizm metodunu işə salıb. Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsi zəruriliyini deyəndə onu nəzərdə tutur ki, erməni xalqı referendum vasitəsilə miatsum məsələsinə son qoymalıdır və Qarabağ məsələsinin birdəfəlik bitdiyini qəbul etməlidir.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Oqtay Qasımov söyləyib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının ən böyük əngəllərindən biri Ermənistan konstitusiyasındakı dəyişikliklərlə bağlıdır:
"Çünki Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yer alır. Nikol Paşinyan da bunu çox yaxşı bildiyinə görə belə açıqlamalar verməklə manipulyasiyalar edir. Ümumiyyətlə Paşinyan reallıqları gözəl anlayır. Hətta, erməni baş nazir fevral ayında açıqlamalarının birində söyləyib ki, Ermənistan konstitusiyası bölgədə Azərbaycan və Türkiyə ilə münasibətlərə əngəl törədəcək əsas faktorlardan biridir. Nikol Paşinyan Ermənistan cəmiyyətindəki əhval-ruhiyyəni və havadarlarının dəstəyini arxasına alaraq prosesi uzatmağa çalışır. Ona görə də məhz konstitusiyanın dəyişməsi ilə bağlı 2027-ci il tarixinin verilməsi bununla bağlıdır. Paşinyan və komandası hesab edir ki, 2027-ci ilə qədər Azərbaycanla hərbi balansı yarada bilsələr revanşist addımlar atmaqla və tərəfdaşlarının ciddi təzyiqi ilə Bakını hansısa güzəştlərə sövq edəcəklər. Amma sözügedən məsələ baş tutası hadisə deyil. Digər tərəfdən isə onlar düşünürlər ki, həmin tarixə qədər hakimiyyətlərini qorusalar, sonra sözügedən prosesləri daha da irəli apara bilərlər. Bu baxımdan Ermənistan hakimiyyətinin hazırda birmənalı olaraq konstitusiyanı dəyişməyə hazır olduğunu düşünmürəm. Deputatın açıqlaması isə Ermənistanda daxili siyasi mübarizə üçün istifadə olunan tezislərdir. Eyni zamanda, Nikol Paşinyana qarşı aparılan təbliğat kampaniyasının tərkib hissəsidir”.