"Daha əvvəlki kimi heç bir dövlət Ermənistana əvvəzsiz silah və texnika verməyəcək" - Hərbi ekspert

"Onlar əgər yenə müqavimət göstərib təxribatlara gedərsə, acı nəticələrini mütləq və mütləq dadmalı olacaq”

 Ermənistan ordusunun texnikası və canlı qüvvəsi İkinci Qarabağ müharibəsindən sonra tamamilə məhv olub. Lakin Ermənistan cəmiyyətində olan bəzi revanşist qüvvələr “itirilmiş torpaqların” yenidən tələb olunmasına cəhd edirlər. Ermənistanda müxalif təşkilatların nümayəndələri hakimiyyətə gəlmək üçün revanş haqqında danışırlar. Onlar sosial şəbəkələrdə video yerləşdirərək münaqişə bitməyib, biz 5 ildən sonra güclənib yenidən müharibə edəcəyik. Sual yaranır ki, Ermənistan kimə arxayın olub belə danışır? Ermənistan bu addımı atarsa nəticəsi nə ola bilər?

Mövzu ilə bağlı fikirlərini “Sherg.az”a bölüşən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, ehtimal olunan rəqibə malik istənilən ölkə ordusunu silahlandırmağa çalışa bilər və bunu normal haldır. Ə.Verdiyev qeyd edib ki, lakin bunun üçün çox ciddi maliyyə vəsaitləri lazımdır:

“ Ermənistanın itirdiyi texnikalar müqabilində yaxın 10 illikdə əvvəlki potensialını bərpa edə biləcək maliyyə qaynaqları nəzərə çarpmır. Düşünmürəm ki, əvvəlki kimi Rusiya və digər Ermənistanın havadarı olmağa can atan ölkələr ona əvvəlki kimi ciddi miqdarda silah və texnika tədarük etmiş olsun. Çünki bütün bu vasitələrin bəlli bir dəyəri və qiyməti var. Və o satınalmalar zamanı bu və ya digər şəkildə ödənilməlidir. Əgər Ermənistan əvvəllər Rusiyadan aldığı silahların əvəzində bir çox böyük şirkətlərini Rusiyaya verib bu qaydada qarşılıqlı hesablaşmanı həyata keçirirdisə, artıq bu potensial da tükənib”. 

Əsas qüvvələrə gəldikdə isə hərbi-ekspert vurğulayıb ki, Ermənistanda bu fikirləri bir çoxları səsləndirə bilər:

“Amma onun həyata keçirilməsi bugünki günə və yaxın 5 illikdə mümkün deyil. Lakin bu, o anlama gəlməz ki, ermənilərin müqaviməti və yaxud da ayrı-ayrı silahlı qüvvələrin diversiya, təxribat xarakterli fəaliyyətlərini biz artıq görməyəcəyik. Münaqişə ocaqları,  müqavimət nöqtələri ayrı-ayrılıqda ola bilər. Lakin bu heç də Ermənistanın silahlı qüvvələrinin birbaşa əks həmlələri və yaxud da azad olunan ərazilərimizin yenidən işğal etmək cəhdi edəcəyi anlamına gəlməz. Onlar çox yaxşı anlayırlar ki, istənilən müqavimətə cəhd ümumiyyətlə, bütün atəşkəs rejimini məhv olmasına və Ermənistanın olan-qalan ərazilərinin də, o cümlədən bufer zona-Qarabağın ərazisində qalan ermənilərin yaşayışı üçün nəzərdə tutulan ərazilərin silah  gücünə Azərbaycan tərəfindən azad edilməsi ilə nəticələnə bilər. Ona görə də düşünmürəm ki, Ermənistan buna getsin. Əgər gedərsə, acı nəticələrini mütləq və mütləq dadmalı olacaq”.