Rus sülhməramlıları erməni vandallığına “göz yumurlar” 

Elman Məmmədov: Bu hadisələr rus sülhməramlılarının gözü qarşısında baş verir. Amma onlar səslərini çıxarmırlar"

"Erməni terrorçularına “gözün üstündə qaşın var” demirlər. Niyə? Nə üçün ermənilər tərksilah edilmir?! Belə suallar çoxdur”


Məlum olduğu kimi, erməni tərəfi ölkənin cənub-şərqindəki Sünik rayonunun Şurnux kəndində 12 evin olduğu ərazini Azərbaycana qaytarıb. Məlumata görə, sərhədlərin delimitasiyası çərçivəsində ərazi Azərbaycanın nəzarətinə verilib. Tərk edilmiş evlərin sahibləri qohumlarının yanına köçüblər. Azərbaycanlı hərbçilər kəndin girişində artıq nəzarət məntəqəsi yaradıblar. Amma yenə edəcəklərini ediblər. Belə ki, ermənilər ərazini tərk etməyə saatlar qalmış oradakı evlərini yandırıblar. Növbəti dəfə barbarlığını göstərən ermənilər evlərin türklərə qalmaması üçün bu addımı atdıqlarını bildiriblər.



 Millət vəkili Elman Məmmədov bu barədə “Sherg.az”a danışarkən düşmənin növbəti naqisliyini kəskin qınayıb: 

“Bu, tipik erməni tərbiyəsi, erməni mədəniyyətidir. Onlara “mədəni xalq” deyənlər indi baş verənlərə diqqətlə baxsınlar və utansınlar. Ermənilərin belə vandallıqları ilk deyil. Bəziləri Ağdamda və digər şəhərlərdə baş verənləri Xerosima ilə müqayisə edirlər. Lakin mənzərə almaq lazımdır ki, Xerosimə müharibə dövründə dağıdılmışdı. Qarabağ isə savaşdan sonra- işğal zamanı yerlə-yeksan edildi”.

E.Məmmədov, həmçinin Ermənistana qahmar çıxanlarla bağlı da fikirlərini bildirib: 

“Bu hadisələr rus sülhməramlılarının gözü qarşısında baş verir. Amma onlar səslərini çıxarmır, erməni terrorçularına “gözün üstündə qaşın var” demirlər. Niyə? Nə üçün ermənilər tərksilah edilmir?! Belə suallar çoxdur. Onu da deyim ki, cənab Prezident İlham Əliyev və türkiyəli həmkarının dəfələrlə dediyi kimi, Fransanın bu məsələdən danışmağa haqqı yoxdur. Fransa, əvvəlcə, yaxın keçmişini, o cümlədən Şimali Afrikada, Hind-Çin yarımadasında törətdiyi vəhşilikləri xatırlasın.

Onlar bizim qələbəmizi “həzm edə” bilmədikləri üçün indi zəfərimizə “qara yaxmaqla” məşğuldurlar. Yəqin ki, etnik, mədəni cəhətdən bir-birilərinə yaxın olduqlarına görə, indi bir-birilərini dəstəkləyirlər”..