“İran Ermənistan üçün “nəfəslik" rolunu oynaya bilər, amma....” – ŞƏRH 

“Azərbaycan və Türkiyə ilə münasibətlərini işğalçıya qurban verməz”

“İrana daha geniş və mənfəətli manevr məkanı lazımdır”

“Çünki Ermənistan bazarı çox kiçik və zəifdir”


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə yanvarın 4-də keçirdiyi brifinqdə bildirib.Onun sözlərinə görə, M.Zərifin Moskva, Bakı və İrəvana səfərləri gündəlikdədir.S.Xətibzadə səfərin tarixi və gündəliyi barədə açıqlama verməyib.
Rəsmi Tehranın istəyi, marağı az-çox məlumdur. Çünki məsələyə iştirakçılartək maraqla, həvəslə yanaşır. Bəs nədir bu marağın səbəbi?

Siyasi analitik Elçin Xalidbəyli İran XİN başçısının səfəri barədə fikirlərini “Sherg.az”a bildiirb. O, tərəflər arasında münasibətlərin mahiyyətini belə izah edib: 

“Hazırda Ermənistan əsasən iki dövlətlə münasibətlərini yaxşılaşdırmağa çalışır. Bunlardan birincisi təbii ki, Rusiyadır. Çünki Rusiya sülhməramlı qüvvələri indiki situasiyada ermənilər üçün xilaskar rolunu oynayır. Ermənistanda Rusiyaya münasibət əslində birmənalı olmasa da, ermənilər yaxın gələcəkdən ötrü bir çox önəmli məsələlərlə bağlı Kremldən asılı olduqlarını anlayırlar. 

Ermənistan üçün qonşular arasında böyük önəm daşıyan ikinci dövlət kimi isə İranı qeyd etmək olar. 

İndi rəsmi İrəvan İranı Ermənistan üçün ən təhlükəsiz dövlət statusunda görür. Eyni zamanda İran Ermənistan üçün "sosial-iqtisadi nəfəslik" rolunu da oynaya bilər. 

Əslində, rəsmi İrəvan ölkəyə gətirilməsinə qadağa qoyduğu Türkiyə mallarını İrandan idxalı artırmaqla əvəzləməsi də  bunu müəyyən mənada təsdiqləyir. Ancaq İran üçün Ermənistan bazarı əsas hədəf ola bilməz.

Çünki Ermənistan bazarı çox kiçik və zəifdir. Rəsmi Tehran, əlbəttə, Ermənistanla münasibətlərə həssas yanaşır. Ancaq İran Azərbaycan və Türkiyə ilə münasibətlərini işğalçıya qurban verməz. İrana daha geniş və mənfəətli manevr məkanı lazımdır”.

E.Xalidbəyli İranın Azərbaycan və Ermənistan arasında daha loyal siyasət yeritdiyi qənaətindədir: 

“Rəsmi Tehran Azərbaycanla da  münasibətlərin mümkün qədər isti saxlamağa üstünlük verir. İranın xarici işlər nazirinin Bakıya rəsmi səfərinin nəzərdə tutulması da Azərbaycanla münasibətləri inkişaf etdirmək niyyətindən qaynaqlanır. İranda yaxın vaxtlarda Cənubi Qafqazda olduqca əhəmiyyətli yeni geopolitik proseslərə start veriləcəyinə dair şübhə yoxdur.

Təbii ki, İran bu geopolitik proseslərdən kənarda qalmaq istəmir. Onlardan faydalanmaq və geosiyasi, geoiqtisadi proseslərin əsas iştirakçıları sırasında yer almağa çalışır. Ona görə də həm Azərbaycana, həm də Ermənistana paralel səfərlər modelini ön plana çıxarmağa cəhd edir.

Çünki belə paralel təmaslar bəzən münaqişə tərəfləri arasında hansısa ziddiyyətli məqamları aradan qaldırmaq imkanı da verə bilər. Ola bilsin ki, rəsmi Tehran Azərbaycan və Ermənistan arasında nizamlaya biləcəyi hansısa problemi müəyyən etməyə cəhd edir. Çünki bu, İrana müvəqqəti də olsa, münaqişə tərəfləri arasında vasitəçi rolu qazandıra bilər.

Nəticədə İranın Cənubi Qafqazda əsas “oyunçuya” çevrilmə şansları artar. Ancaq indi hər halda ən önəmli problemlərin həlli Rusiya və Türkiyənin nəzarətindədir.

Bu baxımdan, rəsmi Tehranın özünü Cənubi Qafqazda əsas geopolitik “oyunçular” sırasına yerləşdirmək cəhdləri hələlik o qədər də ümidverici perspektivlər vəd etmir”.