Ona görə də həmişə Ermənistanı dəstəkləyib
Müzəffər Azərbaycan Ordusunun haqlı savaşı Qarabağı öz sahibinə - Azərbaycana qaytardı.
Bu zəfərə ən az bizim qədər sevinən Türkiyə, İsrail, Pakistan, Ukrayna dövlətləri ilə yanaşı, bundan xeyli narahat olan, gərginlik keçirən dövlətlərin sayı da az deyil.
Hələ Vətən savaşı başlanan ilk gündən Ermənistana aşkar dəstək verənlər Ali Baş Komandan İlham Əliyevin və qardaş Türkiyənin siyasi mesajları sayəsində sakit məkana çəkildi. Bəziləri də bütün bunlara baxmayaraq açıq formada Ermənistanı, terroru, işğalçılığı dəstəklədi.
Qonşu dövlət olan İran İslam Respublikası da Ermənistanın işğalçılıq siyasətinə dəstək verənlərin sırasında dayanır.
Xunta rejiminə hərbi və humanitar dəstəyini əsirgəməyən İran müharibə bitəndən sonra bölgəyə gəlmək, sülh prosesində iştirak etmək və ərazilərin bərpası işinə qatılmaq istəyirdi.
Təbii ki, İranın oynadığı ikitirəli siyasət hər kəsə bəllidir. Bəs onlar niyə Qarabağla bağlı məsələlərdə narahatdır? Nə üçün özlərini bölgə siyasətində əsas oyunçular sırasına qatıb ərazidə gedən proseslərə qarışmaq istəyirlər?
Sözügedən məsələ ilə bağlı AĞ Partiya başqanının birinci müavini, politoloq Əhəd Məmmədli "Şərq"ə fikirlərini bildirib:
"İran, ümumiyyətlə, Azərbaycan adlı dövlətin var olmasından narahatdır. Hələ 1918-ci ildə müstəqilliyimizi bərpa edən zaman İran özlərində də Azərbaycan vilayəti olduğunu deyib ultimatum göndərdi ki, ölkənin adını Azərbaycan qoymayın. Bu baxımdan, İran həmişə Azərbaycanın müstəqil olmasından qorxub.
Hətta ikinci Qarabağ müharibəsi dövründə Fəzlullahın bir müsahibəsi ortalığa çıxdı. Fəzlullah hələ birinci Qarabağ müharibəsi haqqında danışarkən müharibənin gedişatında iranlılara sual verib ki, siz niyə müsəlman olan Azərbaycanı qoyub xristian ermənilərə kömək edirsiniz? O zaman ona cavab veriblər ki, "Azərbaycan müharibədə qalib gəlsə Türkiyə ilə birləşib güclənəcəklər, beləliklə Turan qurulacaq. Biz buna imkan verə bilmərik".
Ona görə də İran həmişə Ermənistanı dəstəkləyib. Ermənistan məğlub olduqdan sonra da çalışır ki, onlara dəstək versin. Düzdür, ikili siyəsətlə oynayırlar. Çünki Azərbaycan qalibdir və İran da məcburdur ki, bu reallıqla barışsın.
Amma İran yenə öz əməllərindən qalmır, hər vəchlə Ermənistana dəstək verməyə davam edir.
Bu da tarixi İran-Turan rəqabətinin bir növ davamıdır. İran Azərbaycanın bir Ttrk ölkəsi olaraq regionda güclənməsini istəmir. Ona görə də din qardaşı olan Azərbaycanı qoyub həmişə xristian mənsublu Ermənistana dəstək verib.
Təəssüf olsun ki, nə zamana qədər ki, fars rejimi, Sasani təfəkkürü hökm sürəcək, bu siyasət də İranda davam edəcək".
Ağarza Elçinoğlu