Əziz Əlibəyli: "Araik Arutyunyana bölgədə törədilən təxribatlar nöqteyi-nəzərdən baxmaq lazımdır"
Bir neçə müddətdir ki, Qarabağda "çetebaş"ı Araik Arutyunyanın Xankəndidə ətrafına əsgərlər yığmasına və yeni səngərlər inşa etməsinə dair videogörüntülər yayılır. Videogörüntülərdən aydın olur ki, A.Arutyunyan və onu dəstəkləyən qüvvələr Qarabağda yenidən müharibəyə başlamaq həvəsindədirlər. Ermənilərin bu istəkləri barədə Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli düşüncələrini "Şərq"lə bölüşüb. O qeyd edib ki, bütün bunlar Araiklə bağlı verilən qərarları dəyişdirmir, o, hərbi cinayətkardır: "Qarabağda gedən proseslər ikili formada cərəyan edir; Bölgədə və bölgədən kənar baş verən hadisələr.
Birinci arealda Rusiya sülhməramlılarının fəaliyyətində bəzi məsələlərdə boşluqlar var. Qarabağ bölgəsində hələ də qalmaqda olan terrorçular və törədilən təxribatları bunlara misal göstərmək olar.
Araik Arutyunyana da bölgədə törədilən təxribatlar nöqteyi-nəzərdən baxmaq lazımdır. Tək məsələ onun ətrafına ordu yığaraq, hərbi potensial formalaşdırılması deyil.
Bir neçə gün bundan əvvəl Araik Ermənistana səfər edib. Səfər zamanı o, bir sıra şəxslərlə görüşüb və iclaslarda iştirak edib. Lakin bütün bunlar Araik Arutyunyanın taleyi ilə bağlı verilmiş qərarları dəyişdirmir. O, müharibə cinayətkarıdır. Buna görə də Azərbaycan Respublikası qarşısında məsuliyyət daşıyır".
Ə.Əlibəyli fikirlərinə əlavə olaraq deyib ki, həmin ərazidə olan terrorçular bir növ manipulyasiya vasitəsidir:
"Dağlıq Qarabağ bölgəsində məskunlaşan erməni terrorçuların aqibəti ən vacib problemlərdən biridir. Həmin terrorçuların hələ də orda qalması manipulyasiya məqsədi daşıyır. Təbii ki, Azərbaycan ordusu istənilən vaxt terrorçulara qarşı anti-terror əməliyyatı həyata keçirə bilər. Buna həm texniki, həm də hüquqi imkanlar var".
Aytac Ali