Ukraynanın NATO standartlarına keçməsində heç bir problem yoxdur
Ukrayna Silahlı Qüvvələrində hərbi rütbələr NATO standartlarına uyğunlaşdırılır. Bununla bağlı ölkənin Müdafiə naziri Andrey Taran əmr imzalayıb. Əmrə əsasən, Silahlı Qüvvələrdə NATO hərbi rütbə kodlarına keçid təmin edilir. Vurğulanır ki, məlum qərar sovet tipli karyera idarəetmə sisteminin müasir sistemlə dəyişdirilməsi üçün verilib. Məlumat üçün bildirək ki, Ukrayna ordusunun NATO standartlarına uyğunlaşdırılması ilə bağlı qanun Ali Rada tərəfindən 2020-ci ilin iyununda qəbul olunub.
Politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə vurğulayıb ki, Ukraynanın NATO ilə əlaqələrinin inkişafı il boyu mərhələli şəkildə davam edəcək. Ekspertin sözlərinə görə, NATO-nun Ukrayna ilə əməkdaşlığı Rusiya ilə konfrontasiya (maraqların toqquşması –red ) müstəvisində həyata keçirilir: “Ukraynanın əsas xarici strategiyası avrointeqrasiya kursudur.
Ona görə də Kiyevin NATO standartlarına keçməsində hansısa problem yoxdur. Ukrayna ordusunu qərb sisteminə keçirməklə Rusiyanın hərbi meyarlarından kənarlaşır. Həm də öz ordusunu inkişaf etdirir”.
Analitik hesab edir ki, Ukraynanın yeni sistemə keçməsi digər postsovet ölkələri üçün presedent ola bilər:
“Zamanla Mərkəzi Asiya ölkələri və Azərbaycanın bu sistemə keçməsi mümkündür, hətta gözləniləndir. Ənənəvi Rusiya hərbi sistemindən uzaqlaşmaq və NATO-ya üz tutmaq Moskvaya qarşı psixoloji təzyiq deməkdir. Qərb standartlarının tətbiqi Ukraynanı Rusiyanın təsirindən tamamilə çıxaracaq və Hərbi Alyansla yaxınlaşdıracaq”.