Xəbərdarlıq edildi ! - “...Ermənistan “Dəmir yumruğu”üzərində hiss edəcək”

Yanvarın 6-da Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib. Ölkə başçısı müşavirədə çıxışı zamanı mühüm məqamlara toxunub . Prezident qeyd edib ki, bütün dünya ölkələri  44 günlük müharibədə Azərbaycanın humanist siyasətini gördü:
“Azərbaycan Ermənistandan fərqli olaraq hərbi əməliyyatlar dövründə yalnız hərbi hədəflərə qarşı əməliyyatlar aparıb. Ordumuz heç vaxt dinc əhalini qətlə yetirməyib”.



Prezidentin çıxışını “Sherg.az”a dəyərlənirən millət vəkili Müşfiq Məmmədli bildirib ki, ölkəmiz 44 günlük müharibədən sonra üçtərəfli bəyanatda qeyd olunan hər bir bəndə tam şəkildə riayət edir:

“Ölkə başçısı bəyanatı imzalayan digər dövlətlərin siyasi rəhbərlərinin də bu bəndlərə riayət etmələrini tələb edir. Bu tələb ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə və beynəlxalq hüququn normalarına bütün ölkələr ciddi şəkildə əməl etməlidir. Əks halda Ermənistan “Dəmir yumruq” əməliyyatının bütün acı nəticələrini bir daha öz üzərində hiss edəcək. Beynəlxalq hüququn subyekti olan digər ölkələr də öz addımlarına diqqət yetirməlidirlər. İstər sülhməramlı qüvvələrin fəaliyyəti, istərsə də digər beynəlxalq təşkilatların fəaliyyəti mütləq şəkildə Azərbaycan dövləti ilə nizamlanmalıdır”.

Deputat qeyd edib ki, Azərbaycan hər zaman ikitərəfli əlaqələrdə qəbul edilən qərarlara, verilən sözlərə ciddi yanaşır və beynəlxalq hüquq normalarına əməl edən etibarlı tərəf kimi tanınır:

“Biz hər zaman digər dövlətlərin qanunlarına hörmətlə yanaşmışıq. Cənab Prezident öz çıxışında qeyd edir ki, digər dövlətlər də bu hüquq normalarına və imzalanmış bəyanatlara əməl etməlidirlər.

Azərbaycanın nədəsə güzəştə gedəcəyini düşünmək tamamilə yanlışdır. Ortada bir razılaşma var.  Hər bir dövlət bu razılaşmaya riayət etməlidir. Müharibədən sonra revanş qazanmaq arzusunda olan Ermənistanın bəzi siyasi qüvvələrinin səsləndirdiyi fikirlərə də cənab Prezidentimiz öz kəskin münasibətini bildirdi.

O, söylədi ki, Ermənistan bu fikirlərindən əl çəkməzsə, qüdrətli ordumuzun adekvat cavabını bir daha alacaqlar. Bu məsələdə ölkə rəhbərinin mövqeyi aydındır.

Azərbaycan öz torpaqlarında otuz illik işğala son qoyub. Dağlıq Qarabağı və yeddi rayonu işağaldan azad edərək ərazi bütövlüyümüzü bərpa etmişik”.