Həmsədrlərin meydanda görünməsi xeyrə yozulmur

Uğursuz formatın nə keçmişi, nə gələcəyi artıq Azərbaycana maraqlı deyil

Politoloq: "Xeyir vermək gücündə deyillər, heç olmasa, irəliyə gedən prosesə maneçilik törətməsinlər"


Məlum olduğu kimi ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə videokonfrans formatında görüş keçiriblər. Həmsədrlər Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla və Ermənistanın Xarici işlər naziri Ara Ayvazyanla ayrı-ayrılıqda videokonfrans formatında danışıqlar aparıblar. Danışıqlarda ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib. Görüşlə bağlı bəyanatda qeyd olunub ki, həmsədrlər nazirlərlə bölgədəki sabitliyin təmin olunması, vasitəçilik prosesinin üsulları və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rolu ilə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında isə bir qədər fərqli açıqlamalar verilib. Vurğulanıb ki, görüşdə bölgədə mövcud olan cari vəziyyət, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə edilib. Həmçinin, regionda dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün etimadın bərpa olunması, əminamanlıq şəraitində birgəyaşayışın həyata keçirilməsinin vacibliyi qeyd olunub. Məsələ ondadır ki, Minsk qrupunun peyda olması ictimaiyyətdə xoş qarşılanmır. Ümumiyyətlə, “həmsədr” söhbəti cəmiyyətdə qıcıq doğurur və indiki məqamda “vasitəçilik missiyasına ehtiyac varmı” sualını ortaya çıxarır. Əksər ekspertlər də Minsk qrupunun “xortlaması”nı xeyrimizə yozmurlar. Bölgədə atəşkəsə nəzarət Rusiya və Türkiyə hərbçilərinin əlindədir. Digər humanitar missiya isə Rusiya-Azərbaycan-Ermənistan arasında həll olunur. Yəni münaqişə beynəlxalq gündəlikdən çıxmaq üzrədir. Minsk qrupu üçün yalnız bir məsələ qalır. O da Helsinki sazişi çərçivəsində məcburi köçənlərin geri qayıtmasına beynəlxalq dəstək verməkdir. 

Politoloq İlqar Vəlizadə “Şərq”ə açıqlamasında bildirib ki, uzun zaman ATƏT-in Minsk qrupu dedikdə ağlımıza sadəcə “üçlük”, yəni üç dövləti təmsil edən həmsədrlər gəlib. Ekspertin qənaətincə, artıq həmsədrlərin monopoliyası bitib:

“Rəsmi Bakı Minsk qrupunun həmsədrləri ilə bağlı konkret və qəti mövqeyini ortaya qoyub. Cəmiyyətimiz isə vasitəçilərdən çoxdan ümidini üzüb. Bəzən Minsk qrupunu fərqli formatda, başqa üzvlərin iştirakı ilə canlandırmaq təşəbbüsləri edilsə də, həmsədrlər buna imkan vermədilər. Hamıya aydındır ki, Qarabağ məsələsində Minsk qrupu uğursuz formatdır. Bu qurum uğursuzluq və fəaliyyətsizlik simvolu kimi qələmə verilir. Həmsədrlər dedikdə haqlı olaraq insanların ağlına həll prosesi deyil, uğursuzluq gəlir. Onların prosesə verəcəyi hansısa töhfə yoxdur”. 

Analitik vurğulayıb ki, əgər həmsədrlər münaqişənin həlli tarixində adlarının qismən də olsa müsbət çəkilməsini istəyirlərsə, öz xoşları ilə uzaqlaşsınlar, sabitliyə doğru atılan addımlara kölgə salmasınlar:

“Xeyir vermək gücündə deyillər, heç olmasa, irəliyə gedən prosesə maneçilik törətməsinlər. Dəstəklərini istəmirik, sadəcə əngəl olmasınlar. Qarabağ məsələsi ilə bağlı proseslər həll yoluna girib. Problemin önəmli hissəsi çözülüb. Biz də bilirik ki, tərəflər arasında etimadı yüksəltmək üçün ciddi işlər görülməlidir. Amma bunu müəyyən zaman kəsiyində həmsədrlərin iştirakı olmadan da reallaşdırmaq mümkündür”.