Nikol Paşinyanın alternativi yoxdur - Politoloq

Ermənilər üçün artıq Koçaryan-Sarkisyan cütlüyü, “Qarabağ səhifəsi” bağlanıb 

“Ermənistan əhalisi üçün Qarabağ məsələsi gündəlikdən çıxıb. Kocaryanın revanşist və Qarabağla bağlı açıqlamaları, Paşinyan əleyhinə mitinqlər ermənilər üçün əhəmiyyətli deyil”. 
 
Bu sözləri “Sherg.az”a açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib.

Siyasi şərhçi bildirib ki, 17 siyasi partiyanın birləşdiyi “Vətənin xilası naminə” birliyi və Vazgen Manukyanın rəhbərlik etdiyi etirazçı kütlə Paşinyana qarşı təsirli mitinqlər keçirə bilmir: 

“Sabiq prezident Robert Koçaryan bunu bacarağını və kütləvi etiraz təşkil etmək üçün nüfuzunun olduğunu deyir. Amma Kocaryan Vazgen Manukyan kimi  rasional və proqressiv bir vədlər vermir. Sadəcə “Qarabağ” deyib durur. Ona görə də Kocaryanın elan etdiyi mitinqlər kütləvi ola bilməz. Ermənilər üçün Koçaryan-Sarkisyan cütlüyü, “Qarabağ səhifəsi” bağlanıb. Hərtərəfli məğlub olmuş ermənilər Azərbaycanla müharibəyə getmək fikrində deyillər”. 

Politoloqa görə, hazırda Ermənistanda Nikol Paşinyanın alternativi yoxdur: 

“Koçaryanın əsas hədəfi hərbi çevriliş etməkdir. Amma, bunun üçün münbit şərait yoxdur. Çünki Ermənistan əhalisi keçmiş prezidentin məqsədini yaxşı bilir. İkinci variant isə etirazlarla nəyəsə nail olmaqdır. Göründüyü kimi hökumətə qarşı etirazlar da kütləvi hal almır. Bütün mitinqlər dar çərçivədə reallaşır”.