Ermənistana “blokada mesajı”: Ya xəritəni ver, ya da... – AKTUAL ŞƏRH 

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov litvalı həmkarı Qabrielius Landsbergis ilə görüşdən sonra birgə mətbuat konfransı keçirilib.  Nazir bildirib ki, çağırışlara baxmayaraq, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir və bununla da əldə olunmuş razılaşmaları pozur: “Məqsədimiz məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıtması üçün şərait yaratmaqdır. İndi orada heç nə yoxdur, hər şey məhv edilib. Bu ərazilərin sözün əsl mənasında minalarla “zəhərlənmiş” olması hər şeyi qəlizləşdirir”.

İndiyədək dəfələrlə çağırış, xəbərdarlıq olsa da rəsmi İrəvan hələ ki, inadkarlığından əl çəkmir. Maraqlısı ondan ibarətdir ki, iki rus sülhməramlısının minaya düşüb yaralanmasına rəğmən, Moskva tərəfi də səssizdir. Necə deyərlər, “ağzına su alıb”.

 Məsələ barədə fikirlərini “Sherg.az”la bölüşən siyasi analitik Elçin Xalidbəylinin sözlərinə görə, rəsmi Bakı minalı ərazilərin xəritəsini daha qətiyyətlə tələb etməlidir: 

“Minalanmış ərazilərin xəritəsinin əldə olunması üçün Azərbaycan daha intensiv beynəlxalq təzyiq kampaniyasının başladılmasına nail olmalıdır. Ermənistana qarşı beynəlxalq təzyiqlərin gücləndirilməsinin mümkün yollarını tapmaq lazımdır. Ermənistan son vaxtlar 10 noyabr anlaşmasından sonra həbs olunmuş erməni terrorçuların məsələsini Azərbaycana qarşı beynəlxalq təzyiq mövzusuna çevirməyə çalışır. Həmin erməni terrorçuları hərbi əsir kimi qələmə verməyə cəhd göstərir. Azərbaycan tərəfi də Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsini daha israrla beynəlxalq gündəmə gətirməlidir”.

 E.Xalidbəyli,  həmçinin dedi ki, xəritələrin verilməsinin ən çox düşmən ölkənin ziyanına olduğunu ona diplomatik dillə başa salmaq lazımdır: 

“Bu məsələdə 10 noyabr anlaşmasından sonrakı dövrdə minalar ucbatından həlak olmuş insanların sayının kifayət qədər çox olmasını da xüsusi qeyd etmək vacibdir. Çünki sülh dövründə bu qədər çox dinc insanın həlak olması qəbuledilməzdir. Və bu baxımdan Ermənistanı üçtərəfli anlaşmadan sonra Azərbaycanın dinc sakinlərinə qarşı savaşı davam etdirməkdə ittiham etmək olar.

Eyni zamanda həmin beynəlxalq təzyiq kampaniyasını Ermənistanın dünyada qınaq obyektinə çevrilməsinə qədər inkişaf etdirmək vacibdir.

Digər tərəfdən, Ermənistana anlatmaq lazımdır ki, minalanmış ərazilərin xəritəsi Azərbaycana təqdim olunmayanadək normal münasibətlərin qurulması mümkün olmayacaq. Ermənistanla nəqliyyat-kommunikasiya xətləri açılmayacaq, iqtisadi-ticari əlaqələr qurulmayacaq.

Yəni Ermənistana qarşı blokadanın davam edəcəyini rəsmi İrəvanın diqqətinə çatdırmaq lazımdır. Sosial-iqtisadi böhran içərisində olan Ermənistana qarşı blokada mesajı effektiv ola bilər”.