Politoloq: Paris pozucu addımlarla hazırki vəziyyəti dəyişməyə çalışır

“Fransa Cənubi Qafqazdakı proseslərdə oyundan kənar vəziyyətdə qalıb”. 

Bunu “Sherg.az”a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Siyasi şərhçi bildirib ki, yaranmış yeni geosiyasi düzəni həzm edə bilməyən rəsmi Paris pozucu addımlar atmaqla hazırki vəziyyəti dəyişməyə çalışır: 

“Fransanın erməni “əsirlərin”, yəni terrorçuların qaytarılmasını tələb edən qətnamə layihəsini ölkə parlamentinə təqdim etməsi bu ölkənin Minsk Qrupu çərçivəsində üzərinə götürdüyü vasitəçilik missiyasına zidddir. Bu addım regionda qarşıdurma şəraitinin körüklənməsinə xidmət edir. Fransa öz addımlarında səmimi olsaydı, minalanmış ərazilərin xəritələrini təqdim etmədiyinə görə Ermənistana təzyiq edərdi. Amma indiyə kimi bir dəfə də olsun rəsmi Parisdən bu istiqamətdə hər hansı təşəbbüs görməmişik. Fransa parlamentinin məlum hərəkəti həm də onu göstərdi ki, bu ölkənin həmsədr kimi təmsil olunduğu Minsk Qrupu artıq arxivə qovuşmalıdır. Azərbaycan xalqının bu təşkilata inamı qalmayıb. Bir halda ki, münaqişə güc yolu ilə öz həllini tapıb, o zaman Minsk Qrupuna nə gərək var? Yox əgər qurum özü fəaliyyətini davam etdirməkdə maraqlıdırsa, o zaman post-konflikt dövrünün reallıqlarına uyğun strategiya həyata keçirilməlidir. Regionun inkişafı naminə Azərbaycanın təşəbbüs etdiyi layihələrə dəstək göstərməlidir”.