Azərbaycan tərəfi razı olmaycaq ki, erməni hərbçiləri Xankəndidə qalsın

Millət vəkili: Sülhməramlıların bütün addımları rəsmi Bakı ilə razılaşdırılmalıdır
“Ermənistan silahlı qüvvələrinin Xankəndidə nə işi var?”. 

Bunu “Şərq TV”də çıxışı zamanı millət vəkili, MCP sədri Razi Nurullayev səsləndirib. 

Deputat deyib ki, bu sual 6 aydır ki, Azərbaycan ictimaiyyətini düşündürür: 

“Erməni silahlıları Qarabağda özləri üçün post qurur, səngər qazır, “təmas xətti” yaradırlar. Bu məsələ bizi çox narahat edirdi. Amma son günlər yayılan videolardan görünür ki, erməni hərbçilərinə məxsus texnikalar Xankəndidən Laçın dəhlizi vasitəsi ilə Ermənistana aparılır. Belə informasiyalar cəmiyyətdə müsbət qarşılanır. Azərbaycan tərəfi heç bir halda razılıq verə bilməz ki, erməni hərbçiləri Xankəndidə qalsın. Bizim üçün “Dağlıq Qarabağ münaqişəsi” yoxdur, bitib. Heç bir “status” məsələsindən də söhbət gedə bilməz. Ermənistanla Azərbaycanın qanuni sərhədləri müəyyənləşib. Problem ondadır ki, Qarabağda olan Rusiya sülhməramlıları Ermənistanın maraqlarına daha çox xidmət edir. Özlərini siyasi qüvvə kimi göstərməyə çalışırlar. Xankəndidə hərbi təlimlər keçirir, 9 may paradına hazırlıq görürlər. Halbuki, sülhməramlıların bütün addımları rəsmi Bakı ilə razılaşdırılmalıdır. Rusiyanın Azərbaycan ərazisində özbaşına bayram tədbiri keçirməsi suverenliyimizə təhdiddir”.