Ermənilərin təxribat cəhdi:“Çoxsaylı provokasiyalar olacaq, amma...” - VİDEO

“...Buna başqa formada məna verməyə ehtiyac yoxdur”

“Önəmli olan odur ki, iki dövlət arasında demarkasiya, daha sonra delimitasiya prosesi bitsin”

“Bu, hətta dövlətlərarası müqavilələrin də imzalanmasına gətirib çıxara bilər”


Sosial şəbələlərdə Azərbaycan - Ermənistan sərhədçiləri arasında yaranmış konfliktin videogörüntüləri yayılıb. Sözügedən hadisə Azərbaycan - Ermənistan sərhədinin Zəngilan istiqamətində baş verib.
Görüntülərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri ilə erməni hərbçiləri arasındakı mübahisə yer alıb.

Baş verənləri “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki, noyabrın 10-da bağlanan üçtərəfli razılaşma əsasında sərhədlərin müəyyənləşməsi prosesi davam etdirilir:

“Müxtəlif versiyalar var ki, erməni hərbçilər və yaxud rus sülhməramlıları tərkibində xidmət edənlər hər kimlərdirsə, “GPS” sistemi ilə məhz ərazilərin  ölçüsünü müəyyən edirlər. Ermənilər çalışırlar ki, yanlışlıq olsun və Azərbaycanın sərhədlərinin içərisinə doğru irəliləsinlər. Azərbaycan DSX əməkdaşları da bu duruma çox peşəkar şəkildə cavab verdilər.

Həm əsgərlərimiz, həm də zabitlərin hazırlıq peşəkarlığının hansı səviyyədə olduğu göründü. Bütün bunlar bizim həqiqətən də haqlı olmağımızın, ordumuzun peşəkarlıq səviyyəsinin göstəricisi idi.

Dünyada bu cür təxribat halları çox olur. Lakin əsas odur ki, normal qaydada səbir edib, proseslərdə partladan tərəf olmayasan. Çünki həm haqlıyıq, həm qalib gəlmişik, həm də danışıqlar prosesinin  bir hissəsi olduğundan qarşı tərəfin əməkdaşları əllərini sallaya-sallaya gəlirlər”.

Ə.Əlibəylinin sözlərinə görə, videogörüntləri normal qarşılamaq lazımdır:

“Çünki o görüntülər prosesin tərkib hissəsidir. Çoxlu sayda təxribatların şahidi olacağıq. Buna başqa formada məna verməyə ehtiyac yoxdur. Önəmli olan odur ki, iki dövlət arasında demarkasiya, daha sonra delimitasiya prosesi bitsin. Bu, hətta dövlətlərarası müqavilələrin də imzalanmasına gətirib çıxara bilər”.