“Rusların Qarabağa köçürdüyü ermənilər gedirlər”

Xankəndidə separatçı “deputat”lardan olan Metaxe Akopyanın Ermənistan mediasına müsahibə verib. M.Akopyanın dedikləri Qarabağdakı vəziyyəti anlamağa imkan verir. Onun söylədiklərindən çıxan nəticələr bunlardır.
Birincisi, müharibədən 6 ay keçsə də, erməni əhalisinin həyatında heç bir irəliləyiş yoxdur, əksinə, sosial problemlər artıb və separatçı rejim problemlərin həlli ilə məşğul olmur, əhalinin bölgəni tərk etməsi perspektivi aktualdır.
İkincisi, qondarma rejimin daxilində çaxnaşma və qarşıdurma var.
Üçüncüsü, Xankəndi ətrafında zaman-zaman atəş səsləri eşidilir (bu, Aakopyanın iddiasıdır).
Daha çox onun bu sözləri diqqət çəkir: “Rəhbərlikdən” (atəşlə bağlı – red.) soruşanda bizə deyirlər ki, bu normaldır, çünki ən azından bu şəhərin Azərbaycanın olduğunu nəzərə almalıyıq. Sülhməramlıların nə etdiyini soruşanda bildirirlər ki, onlarla danışmışıq, bunu tənzimləməyə çalışırlar.
Xankəndidə istədiyimizə nail olana qədər nə ermənilərə, nə də sülhməramlılara rahatlıq verməliyik.

Siyasi şərhçi Samir Hümbətovun “Sherg.az”a açıqlamasına görə, reallıq budur ki, hazırkı vəziyyətdə Azərbaycan qalibdir:

“Rus qoşunları bölgədədir və erməniləri ərazilərimizdən tam çıxara bilməmişik. Buna rəğmən qalib olan tərəf bizik. Ermənilər yaxşı başa düşürlər ki, artıq Ermənistanın elə gücü yoxdur ki, Qarabağa yerləşsinlər. Rusiya da o halda deyil ki, bölgəni Abxaziya və Osetiya vəziyyətinə gətirsin. Çünki Abxaziya və Osetiyada Rusiyanın qabağında duracaq güclü dövlət və Birgə Monitorinq mərkəzi yoxdur. Lakin Qarabağda var. Rusiyanı özbaşına buraxsaq, çox işlərə əl ata bilərdi, amma Türkiyənin bölgədə olması reallığı dəyişir.

Erməni xəbər saytlarında bəzi məlumatlara baxdım. Orada yazılır ki, “bu gün Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında güclü qarşıdurmalar yaşanır”.

S.Hümbətovun fikrincə, artıq Qarabağ erməniləri yavaş-yavaş anlamağa başlayıblar ki, azərbaycanlılarla Azərbaycanın suverenliyi altında daha rahat yaşaya bilərlər, nəinki Ermənistanın:

“Çünki Azərbaycanın əlində iqtisadi resursları var. Ölkəmiz əhalini bu resurslarla təmin edəcək gücdədir, Ermənistan bunu edə bilmir. Bu gün rusların Qarabağa məcburən köçürdüyü ermənilər belə oradan gedirlər. Artıq Qarabağ ermənilərinin içində istər idarəçilikdə olan, istərsə də sadə vətəndaşlar başa düşürlər ki, onlar gec-tez azərbaycanlılarla birgə yaşamağa məcburdurlar. Əlbəttə, müəyyən infrastruktur qurulmalıdır ki, orada yaşayanlar arasında hər hansı bir təxribat baş verməsin. Bundan sonrakı mərhələdə ermənilərin atacağı addımlar Azərbaycanın maraqlarına uyğun olmalıdır. Özləri də bunu çox yaxşı başa düşürlər”.

““Erməni “deputat”ın verdiyi bəyanat nəyə hesablanıb?” sualına gəlincə, analitik vurğulayıb ki, Qarabağda yalnız Azərbaycan qanunları işləyəcək:

“Müvəqqəti olaraq Rusiya bölgəyə hansısa maşın ötürə bilər. Qısa müddətdən sonra bu hallara rast gəlməyəcəyik. “Erməni deputatlar” da yaxşı başa düşürlər ki, qanunlarımızla yaşamağa məhkumdurlar”.