Ermənistan üçün tarixi fürsət yaranıb

"Artıq erməni xalqı dinclik və rifah istəyir"

"Paşinyan əslində bu gün Ermənistan xalqına lazım olanları dilə gətirir"


Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyan hökumətin iclasında deyib ki, Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması Ermənistan üçün təkcə qəbuledilən deyil, həm də prioritetdir. Onun sözlərinə görə, əldə olunan razılaşmalara əsasən, bu halda Ermənistanın İran və Rusiya ilə əlaqəsi yaranacaq.

Ermənistandakı revanşist güclərdən, “Qarabağ klanı”nından fərqli olaraq Paşinyan bəzən daha optimist və real fikirlər səsləndirir. Bir sıra ekspertlərə görə, Paşinyan qarşıdan gələn seçkilərdə səs qazanmaq, elektoral bazasını artırmaq üçün bu cür açıqlamalar verir. Yəni seçicilərin əlinə oynayır. Onların fikrincə, seçkidən sonra Paşinyan hökumətinin mövqeyində mənfiyə doğru hansısa dəyişikliyin olması mümkündür. Təbii olaraq, bunun əksini iddia edənlər də var. 

Siyasi icmalçı Azər Niftiyev “Şərq”ə açıqlamasında bildirib ki, Paşinyan əslində bu gün Ermənistan xalqına lazım olanları dilə gətirir. Ekspertin sözlərinə görə, Ermənistan ciddi sosial-iqtisadi problemlərlə qarşı-qarşıyadır:

“Bu, uzun illərdir belədir. Ermənistan əhalisi öz rifahını mühacirətdə görür. Hər hansı bir hökumət üçün vətəndaşların kütləvi şəkildə mühacirət etməsi böyük faciədir və bunun qarşısını almadıqca, dövlətə olan inam tamamilə sarsılır. Ermənistan işğalçılıq siyasəti səbəbindən böyük regional iqtisadi layihələrdən kənarda qalıb. Regionun əsas iqtisadi güc dövləti Azərbaycanla düşmən münasibətindədir. Bu xüsusda Nikol Paşinyanın məlum açıqlaması başadüşüləndir. 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın ağır məğlubiyyətindən sonra Paşinyanın devriləcəyi gözlənilsə də, bu baş vermədi. Çünki artıq erməni xalqı dinclik və rifah istəyir. Daha onları yalançı vədlər, “böyük Ermənistan” xülyaları ilə aldatmaq mümkün deyil. Hətta ağır məğlubiyyətə rəğmən erməni xalqı “Qarabağ klanı”nın iqtidara gəlməsi ilə razılaşmır və Paşinyanı dəstəkləməkdə davam edir. Seçkiöncəsi aparılan sosioloji soruğular zamanı Paşinyanın öndə olması bunun bariz nümunəsidir”.

A.Niftiyevin sözlərinə görə, Ermənistan üçün tarixi fürsət yaranıb və onlar bunu dəyərləndirə bilməsələr, daha ciddi fəlakətlərlə üz-üzə qalacaqlar:

“Ola bilər ki, Paşinyan bu dəfə də yalan danışır və seçkiöncəsi piarını bu yolla aparır. Biz bunu müharibədən öncəki dövrlərdə görmüşük. İqtidara yeni gəldikdə müəyyən müsbət vədlər versə də, heç birini həyata keçirmədi. Əksinə, Şuşada rəqs etməklə bütün ümidlərin üstündən “qırmızı xətt” çəkdi. Nəticədə itirən də elə özü oldu. Bu gün onun şansı var ki, Ermənistanı düşdüyü bataqlıqdan xilas etsin. Yox əgər bu unikal fürsəti də qiymətləndirə bilməsə, hətta iqtidara yenidən gəlsə də, bu dəfə ömrü uzun olmayacaq. Ermənistan işğalçılıq siyasətindən birmənalı imtina etməli və mövcud reallıqla barışmalıdır. Bu baş verərsə, regiona sülh gələcək və bundan ən çox faydalanan da məhz Ermənistan olacaq”.