“Aİ ölkələri “Böyük qayıdış” layihəsində iştirak edə bilərlər”

Prezident İlham Əliyev dünən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirədə çox mühüm məqamlara toxunub. O, həmçinin Avrppa İttifaqı ilə münasibətlərdən danışıb. Dövlət başçısı bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli formatda uğurlu əməkdaşlıq edirik.

“Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli Saziş layihəsinin mətninin, demək olar ki, 90 faizdən çox hissəsi razılaşdırılıb. Biz Cənub Qaz Dəhlizinin daha da genişləndirilməsini planlaşdırırıq. Bu da Avropanın təbii qaz təchizatının şaxələndirilməsinə töhfə verəcək. Aİ post-münaqişə dövründə regional əməkdaşlığın inkişafında mühüm rol oynaya bilər və biz daha fəal əməkdaşlıq etmək istərdik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

 Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Sherg.az”a açıqlamasında Aİ ilə əməkdaşlığın perspektivlərindən danışdı:

 “Azərbaycan Aİ-nin enerji təhlükəsizliyində mühüm rol oynayır. Bizim bu qurumla bir çox sahələrdə, həmçinin anternativ enerji layihəsi ilə bağlı tərəfdaşlığımız var. Həmçinin Aİ ölkələri arasında bizimlə strateji tərəfdaşlıq edənlər var. Düzdür, pandemiya əlaqələrin inkişafını müəyyən qədər ləngitdi. Lakin Azərbaycan münasibətlərin şaxələndirilməsində, inkişafında maraqlıdır. Təşkilata daxil olan ölkələr “Böyük qayıdış” layihəsində iştirak edə bilərlər”.