“Çünki kapitulyasiya sənədini o imzalayıb”
“Seçkilərdə başqa birinin hakimiyyətə gəlməsi və müharibənin yenidən başlanması Rusiyann Qərbdəki nüfuzunu aşağı salacaq”
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Lori əyalətinin Spitak şəhərində tərəfdarları ilə görüşüb. O, deyib: “Şübhəsiz, biz müharibəni uduzduq və bu məğlubiyyətə görə məsuliyyət daşıyırıq, amma biz insanların gözlərinə baxmaq haqqını saxladıq", - Paşinyan vurğulayıb.
“Əgər biz satqınıqsa, onda bu insanlar burda nə edir? Dinləməyə gəliblər ki, görsünlər nə danışırıq. Bu insanların hamısını bura gəlməyə nə məcbur etdi? Onlar bura pul üçün gəldilər? Məcburiyyət üzündən? Təhlükələrə görə? Polis onları gətirib çıxardı?”. – deyə, Paşinyan əlavə edib.
Göründüyü kimi, Ermənistanda seçkiqabağı daxili vəziyyət xaotikdir. Həm Paşinyan, həm də müxalifət, o cümlədən “Qarabağ klanı” inamını, ümidini itirmir və təbliğatını davam etdirir.
Qeyd edək ki, bu gün İrəvanda itkin düşmüş hərbi qulluqçuların valideynlərinin etiraz aksiyası keçirilir.
Bu barədə “Telegram”ın Ermənistan seqmentində məlumat yayılıb.
İtkin düşən hərbçilərin valideynləri və yaxınları İrəvanın Qeratsi küçəsinin hər iki istiqamətdə bağlayıblar.
Etirazçılar bildirirlər ki, hakimiyyət bütün bu müddət ərzində ölmüş hərbçilərin cəsədlərini soyuducularda saxlayıb.
Siyasi analitik Rusif Məmmədsoy iyunun 20-də keçiriləcək növbədənkənar seçkilərin nəticəsi barədə proqnozlarını “Sherg.az”la bölüşdü:
“Bu, həm iqtidar, həm də müxalifət üçün şansdır. Hər iki tərəf özünü təsdiqləməyə çalışacaq. Düzdür, Paşinyanın imici müəyyən qədər zəiflədi. Amma onun reytinqi yenə də rəqiblərinə nisbətən daha çoxdur.
Xüsusilə, “Qarabağ klanı”nın seçkilərdə qalib gəlmək şansı yoxdur. Məğlubiyyətin günahkarının elə “Qarabağ klanı” olduğunu xalq yaxşı başa düşür. Ən azından ona görə ki, Paşinyanın hakimiyyəti dövründə ordu yenilənməyib.
Hazırda baş nazir vəzifəsini icra edən siyasətçinin müxalifəti debata dəvət etməsi də çox ciddi addımdır. Fikrimcə, o, yenə seçkilərdə qalib gələcək”.
R.Məmmədsoy Rusiyanın proseslərə münasibətindən də danışdı:
“Moskva indi baş verənlərdə tam maraqlıdır. Kreml rəhbərliyinə zəifləmiş Paşinyan lazımdır. Çünki kapitulyasiya sənədini o imzalayıb. Seçkilərdə başqa birinin hakimiyyətə gəlməsi və müharibənin yenidən başlanması Rusiyann Qərbdəki nüfuzunu aşağı salacaq”.