"İşğaldan azad etdiyimiz və nəzarətə götürdüyümüz bütün ərazilərdə axtarış tam aparılmayıb"
"Yəni itkin düşmüş hərbçilərimizin konkret harada şəhid olması dəqiq məlum deyil"
Məlum olduğu kimi iyunun 2-də Ermənistan mətbuatında həmin ölkənin morqlarında saxlanılan meyitlərdən bəzilərinin Azərbaycanın hərbi qulluqçularına aid olması ehtimalı barədə həqiqətəuyğun olmayan fikirlər səsləndirilib. Yayılmış söz-söhbətdən sonra Azərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti birgə açıqlama verib.
Hər iki qurumun mətbuat xidmətlərinin birgə məlumatında bildirilib ki, Ermənistan morqunda azərbaycanlı hərbçilərin nəşlərinin saxlanılması ilə bağlı xəbərlər reallıqdan uzaqdır. Vurğulanıb ki, hazırda itkin düşmüş hərbi qulluqçuların tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində beş qurumun peşəkar əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən intensiv iş aparılır: “Ermənistan səhiyyə nazirliyinin tabeliyində olan morqlarda saxlanılan və kimlikləri məlum olmayan meyitlərin içərisində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə aid hərbi qulluqçu yoxdur. Belə ki, Ermənistan hüquq-mühafizə orqanları tərəfindən təyin edilmiş məhkəmə-genetik ekspertizasının (DNT testi) rəyi ilə həmin meyitlərin erməni hərbçilərə məxsus olması müəyyən edilib”. Məlumat üçün deyək ki, iyunun 2-də Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısını açıqlayıb. Nazirlik itkin düşmüş hesab olunan 14 nəfərin foto şəkillərini, adlarını, soyadlarını, hərbi rütbəsi və doğum tarixi haqqında məlumatları təqdim edib.
Bu barədə “Şərq”ə danışan Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Əvəz Həsənov deyib ki, Ermənistan tərəfində həlak olan əsgərlərin sayının gizlədilməsi, cəsədlərin ört-basdır edilməsi ilə bağlı çoxsaylı ittihamlar səslənir.
Ekspert bildirib ki, erməni blogerin Nikol Paşinyanı ittiham etməsini, morqlarda erməni hərbçilərinin cəsədlərinin gizlədildiyini bildirməsini əks etdirən video-görüntülər Paşinyana qarşı kampaniyanın tərkib hissəsi ola bilər: “Hərbçilərin morqlarda qalması ilə bağlı yayılan söz-söhbət erməni ictimaiyyətini ciddi narahat edir. Bu cür informasiyaların yayılmasında müəyyən məqsədlərin olması da mümkündür. Ümumiyyətlə, seçki eyforiyası fonunda hər şey gözləniləndir. Prosesləri bizə qarşı yönəltmək istəyənlər də ola bilər. O baxımdan diqqətli olmalıyıq. Əvvəlcə erməni ictimaiyyəti “morqlarda cəsədlər saxlanılır” iddiasını özü saf-çürük etməlidir. Məlumat doğru çıxarsa, o zaman müzakirələrə başlamaq olar. Nəzərə alaq ki, işğaldan azad etdiyimiz və nəzarətə götürdüyümüz bütün ərazilərdə axtarış tam aparılmayıb. Yəni itkin düşmüş hərbçilərimizin konkret harada şəhid olması dəqiq məlum deyil. Əgər bütün ərazilərimiz başdan-başa axtarılsa və itkinlərimizlə bağlı hansısa izə rast gəlməsək, o halda fərqli iddialarla çıxış etmək mümkündür. Amma Ermənistanda seçki öncəsi erməni mediasının yaydığı dezinformasiyaya istinad edərək iddia qaldırmaq tələskənlikdir”.