Minsk qrupunun fəaliyyətinin bərpası indiki şəraitdə real görünmür
Azərbaycan Qarabağ məsələsində bütün siyasətini Türkiyə ilə uzlaşdırmalıdır
Fransa və Ermənistan rəhbərlərinin timsalında növbəti dəfə siyasi məzhəkənin şahidi olduq. İstər Fransa Prezidenti Emmanuel Makronun, istərsə də Ermənistanın Baş nazir əvəzi Nikol Paşinyanın səsləndirdiyi fikirlər tamamilə absurd idi. Paşinyanın fürsət düşən kimi Qərbin dəstəyini arzulaması və eyni zamanda Fransa parlamentindən hazırda mövcud olmayan “dqr”in müstəqilliyini tanımasını xahiş etməsi bu adamın xəyalpərəst və avantüristin biri olduğunu təsdiqləyir. Realist və adekvat siyasi lider ölkəsinin hazırkı bərbad durumunda bu cür sərsəm istəkləri dilə gətirməz. Çünki hazırda Qərbin Ermənistana hər hansı formada “ildırım sürətli” yardım göstərməsi, Fransa parlamentinin qondarma “Artsax”ın müstəqilliyini tanıması mümkün deyil.
Əslində Paşinyan bu istək və tələblərini ortaya qoymaqla sadəcə həm özünü ifşa etdi, həm də davamlı sülh istəmədiyini dolayısı yolla etiraf etmiş oldu. 10 noyabr və 11 yanvar razılaşmalarının altında imzası olan Paşinyan Makronla görüşündə üçtərəfli razılaşmaların ruhuna zidd açıqlamalar verməməliydi. Onun bu cür açıqlamaları regionda qalıcı sülhün bərqərar olmasına deyil, gərginliyin daha da artırılmasına xidmət edir. Bu isə öz növbəsində Azərbaycanın istər sərhədlərin demarkasiyası məsələsində daha sərt mövqe tutmasına, istərsə də Dağlıq Qarabağda antiterror əməliyyatı keçirməsinə əlverişli zəmin yaradır. Həmsədr Fransanın əsas vəzifəsi isə tərəflər arasında qızışdırıcı rolunda çıxış etmək yox, neytral və qərəzsiz mövqe nümayiş etdirməkdir. Hiss olunur ki, Makronun həmsədrlik anlayışı yarımçıq və qərəzlidir. Fransa prezidenti çirkin geosiyasi oyunlar oynamağa can atır.
Amma onun bu oyunları ilk növbədə Fransanın öz imicinə ağır zərbə vurur. Makronun Ermənistan kimi autsayder bir ölkəni dəstəkləməsi Fransanın və fransız xalqının maraqlarına ziddir. Makron “Azərbaycan qoşunu Ermənistan ərazisindən çıxmalıdır” kimi gülünc bəyanat səsləndirib. Heç kimə sirr deyil ki, 1991-ci ildən sonra Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün iki dövlət arasında sərhədlərin müəyyənləşməsində də problem yaranıb. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiyası üzrə danışıqlar gedir, müzakirələr aparılır. Bu halda Makron “Ermənistan ərazisi” dedikdə nəyi nəzərdə tutur?! Halbuki, rəsmi Bakı Azərbaycan hərbçilərinin başqa bir dövlətin, o cümlədən Ermənistan ərazisində olmadığını bildirib. İki ölkə arasında sərhədlərin müəyyənləşməsi də keçmiş SSRİ-nin xəritəsi üzrə aparılır. Görünür, ermənilər kimi Fransa prezidenti də Ermənistanın işğal altında 30 il saxladığı Azərbaycan torpaqlarına iddia edir. Ermənilərin işğal edilmiş Azərbaycan torpaqlarına yerləşdirilməsinə rəsmi Paris 30 il göz yumub. Onlara maddi-mənəvi dəstək verib. Hətta Ermənistanın işğal altında saxladığı qonşu dövlətin ərazisində hərbi mühəndis qurğularının tikilməsində, ərazilərin minalanmasında Fransanın “əməyi”nin olduğu məlumdur. Fransa rəhbərliyi indiyədək Ermənistana minalanmış ərazilərin xəritələrinin verilməsi və Birinci Qarabağ müharibəsində əsir götürülən azərbaycanlıların qaytarılması barədə heç bir açıqlama verməyib. İndi sərhəddən danışan Emmanuel Makron və onun kimi düşünənlər bilməlidir ki, işğaldan sonra tərəflər arasında sərhədlər yenidən bölünmür. Sadəcə, 1920-ci ildən sonra mövcud olmuş ərazilərdə Azərbaycanın suveren hüquqları bərpa olunur. Ermənistanda sərhəd məsələsi ilə bağlı gərginliyin yaranmasında xarici qüvvələrin rolunun olması üzə çıxmaqdadır. Noyabrın 10-dan sonra rəsmi İrəvan mübahisəli məsələlərin həllinə indikindən daha məsuliyyətlə yanaşırdı. Son aylar Ermənistanın mövqeyində dəyişiklik yaranıb. Makronun və fransalı başqa siyasətçilərin çıxşılarından belə çıxır ki, rəsmi İrəvanı Fransa yönləndirir.
Mələsən, Fransa parlamentinin Aşağı palatasının sədri Rişar Ferran Nikol Paşinyanla görüşündə Cənubi Qafqazdakı vəziyyətdən danışıb, Ermənistana sevgisini gizlətməyib:
“Erməni xalqına çatdırın ki, Fransa Ermənistanın tərəfindədir. Siz bizə həmişə güvənmisiniz, indi və gələcəkdə də güvənə bilərsiniz”. O, bununla Azərbaycanla Ermənistan arasında mövcud problemlərin həllində Fransanın erməniləri müdafiə etdiyini bildirib. Ferran həm də rəsmi Parisin bu kimi məsələlərdə tərəfsiz olmadığını açıqlayıb. Fransa Senatının sədri Jerar Larşe də Paşinyanla görüşdə mövcud olmayan münaqişədən bəhs edib, “erməni əsirləri”nin azad edilməsindən danışıb. Paris meri Ann İdalqo Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşü zamanı erməniləri tək qoymayacaqlarını bildirib: “Biz hər zaman Ermənistanla yan-yanayıq və sıx kontaktları dəstəkləməyə davam edəcəyik. Ermənistan üçün bu çətin situasiyada biz qəti mövqe tutmuşduq. Cənab baş nazir, əmin olun ki, biz Ermənistanı və erməni xalqını təkbaşına qoymayacağıq”.
Şübhəsiz, bu cür münasibətdə olan bir dövlətin yenidən vasitəçilik arzusuna düşməsi qəbuledilməzdir. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, 1997-ci ildən Fransa həmsədr qismində fəaliyyət göstərsə də, rəsmi Paris tərəfindən heç zaman Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarılmasına çağırış edilməyib. XİN vurğulayıb ki, bölgədə atəşkəs təmin edilir və bunun əsasında Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladığı birgə bəyanat dayanır: “Bu məsələdə Fransanın hər hansı rolunu görmürük: “Azərbaycan tərəfi hər zaman bütün hərbi əsirlərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi mövqeyindən çıxış edib. Dəfələrlə bəyan etdiyimiz kimi, Azərbaycanda erməni əsilli hərbi əsir yoxdur. Fransa prezidentinin çıxışında istinad etdiyi “Dağlıq Qarabağ” adı ilə bağlı vurğulamaq istərdik ki, belə bir inzibati ərazi vahidi mövcud deyil. Çıxışda istinad edilən birbaşa dialoq məsələsinə gəldikdə, bu artıq baş verir. 11 yanvar 2021-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanata istinadən baş nazirlərin müavinləri səviyyəsində görüşlər keçirilir və dialoq mövcuddur. Lakin Fransanın bu prosesdə hər hansı rolu yoxdur. Delimitasiya və demarkasiya prosesinə gəldikdə, bəyan etdiyimiz kimi, Azərbaycan delimitasiya prosesinə başlamağı dəstəkləyir və bu proses danışıqlar yolu ilə öz həllini tapmalıdır. Fransanın qəti şəkildə regiona qayıtması barədə açıqlama isə anlaşılan deyil. Sirr deyil ki, Fransanın Ermənistana xüsusi rəğbəti var, amma Minsk qrupunun həmsədri kimi bu ölkə rəsmi neytrallığını saxlamalıdır”.
Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib ki, Minsk qrupunun üzvləri ilə məsləhətləşmələr aparılır. Onun sözlərinə görə, yanvarın 11-dəki bəyanat bölgədə iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasına təkan verdi və bu iş arası kəsilməyən qarşıdurma şərtlərində gərgin səylər tələb edir:
“Hər şey qəlizdir və həmsədrlər qoyulmuş məsələlərin məcrasında necə hərəkət edəcəklərinə dair resept verməkdə çətinlik çəkirlər. ATƏT tərəflərlə dil tapmağa çalışır və bu strukturun konkret rolunu təyin etmək hələ ki çətindir. Həmsədrlərdən yeni reallıqların və üç tərəfin birgə bəyanatlarının paradiqmalarına necə uyğunlaşacaqları barədə spesifik reseptlər gözləyirlər. Təəssüf ki, səylər istənilən nəticəni vermədi. Əlbəttə, əvvəllər tətbiq olunan müşahidə funksiyaları indi, çətin ki, reallaşdırılsın, çünki artıq yeni mexanizmlər, yeni reallıqlar işə düşüb. Yeni məsələlər toplusunu öyrənmək lazımdır, çünki keçmişin düşüncəsi kömək etməyəcək. Aydındır ki, hazırda bölgədə baş verən proseslərə Minsk qrupu strukturunun uyğunlaşdırılması üçün yeni reseptlər lazımdır”.
Millət vəkili Nəsib Məhəməliyev vurğulayıb ki, Makronun Ermənistanı strateji tərəfdaş adlandırmasının səbəbini daha çox Rusiya-Fransa, Fransa-Türkiyə münasibətlərində axtarmaq lazımdır. Deputatın sözlərinə görə, ermənilərdən sadəcə oyuncaq kimi istifadə olunur: “Qardaş Türkiyə ilə Fransanın münasibətləri aydındır. Ancaq Rusiya ilə də Fransanın qlobal geosiyasi məsələlərdə ciddi fikir ayrılıqları, hətta dünyanın bir çox nöqtələrində qarşıdurma halları mövcuddur. Hesab edirəm ki, Rusiya Fransanın və yaxud hansısa üçüncü dövlətin Ermənistanda olmasını qəbul etməyəcək. Rusiya seçkidə müxalifətə dəstək verir. Paşinyan bunu bildiyinə görə sərhəddə təxribatlar törədildi və üçtərəfli komissiyanın fəaliyyəti donduruldu. Paşinyan Rusiyadan narazıdır. Düşünürəm ki, iyunun 20-dən sonra bir çox məsələlərə aydınlıq gətiriləcək. Bugünkü reallıq ondan ibarətdir ki, Ermənistan ancaq tapşırıqları icra edir. Minsk qrupunun fəaliyyətini bərpa etmək mümkündür. Burada Fransadan başqa ABŞ və Rusiyanın da mövqeləri üst-üstə düşür. Ancaq məhsuldar əməkdaşlığın olması şübhəlidir. Minsk qrupu 30 il ərzində mənasız danışıqlardan başqa heç nəyə nail olmadı. Yenə də boş, mənasız danışıqlar davam edə bilər. Azərbaycan Minsk qrupu ilə münasibətdə qəti mövqe nümayiş etdirməlidir. Fransa ilə məsələ tam dəqiqləşdirilməli, ikitərəfli əməkdaşlıq münasibətləri beynəlxalq hüququn norma və prinsiplərinə uyğun sənədləşdirilməlidir. Neytrallıq qorunmadıqda, o ölkə həmsədr kimi qalmamalıdır. Makron artıq dünyada ciddi lider kimi qəbul olunmur. Bu yaxınlarda Afrika səfərində ona layiq olduğu yeri göstərdilər. Hesab edirəm ki, Qarabağ məsələsində siyasətimizi Türkiyə ilə uzlaşdırmağımız doğru olardı”.
Siyasi analitik Turab Rzayev də Minsk qrupunun həmsədrlərinin fəallaşmasını dəyərləndirib:
“Ermənistan ABŞ və Fransaya çağırış edərək sərhədlərin müəyyənləşməsində “oyunçu” olmasını istəyir. Ermənistanda Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın məqsədi özünə beynəlxalq dəstək qazanmaq və Rusiyanın təzyiqlərinə qarşı “hava yastığı” yaratmaqdır. Əslində ABŞ və Fransa da bunda maraqlıdırlar. Çünki Rusiyanın proseslərdə təkbaşına iştirak etməsini istəmirlər. Rusiya Qarabağdakı sülhməramlı qüvvələri ilə orada həlledici qüvvə olduğunu göstərməyə çalışır. Moskva Vaşinqton və Parisi incik salmağı, qınaq obyektinə çevrilməyi arzulamır. Əslində onların fəallaşması şimal qonşumuzun ürəyincə deyil. Moskva ancaq özü proseslərə nəzarət etmək niyyətindədir. Odur ki, belə demək mümkünsə, Kreml Minsk qrupunun sadəcə adının qayıtmasını istəyir”.