“Başına güllə sıxılmalı adam Paşinyan yox, Sarkisyanın özüdür”

“Məğlub olan Sarkisyanla Köçəryanın qurduğu ordudur”

“Çünki Ermənistanda orudunu quran, “məğlubedilməz” vəziyyətə gətirib çıxaran bu şəxslərdir”


Ermənistanın üçüncü Prezidenti Serj Sarkisyan Paşinyan hakimiyyətini sərt tənqid edib. Erməni mediasının məlumatına görə, Sarkisyan Vayots Dzor bölgəsinin Jermuk şəhərində "Mənim şərəfim var" blokunun sakinləri ilə görüşü zamanı Paşinyanın ləyaqətinin olmadığını deyib:

"Əgər o qədər ləyaqət sahibi olsaydı, intihar edəcəkdi. And içirəm, mən baş komandan olanda bu vəziyyətdə olsaydım, özümü öldürərdim. Bu gün 6 aldılar, sabah 16 alacaqlar, ertəsi gün 36 alacaqlar, bundan sonra nə olacaq?"- deyə o, Paşinyan hakimiyyətinə narazılığını bildirib.

Politoloq Natiq Mirinin “Sherg.az”a açıqlamasına görə, Ermənistanda şərəf və ləyaqətdən danışacaq ən sonuncu adam məhz Sarkisyanın özüdür:

“Qarşıdakı seçkilərdə Paşinyanın əsas rəqibi iki blokdur və hər iki blokda “Qarabağ klanı” namizədlərinin təmsil olunduğu şəxslər var: Robert Köçəryan və Serj Sarkisyan. Sarkisyan seçkilərdə birbaşa özü iştirak etməsə də, onun rəhbərlik etdiyi partiya seçkilərə qatılıb. Onun əsas məqsədi Paşinyanı ictimaiyyətin gözündən salmaqdır.

Əslində son günlər bu proses daha da sürətlənib, hətta ictimai rəydə bunun təsirlərini də müşahidə edirik. Aparılan sorğular da göstərir ki, Paşinyanla “Qarabağ klanı”nın arasındakı səs fərqi getdikcə azalır. Ona görə də daha kəskin və sərt ritorikaların şahidi oluruq. Fikrimcə, bu, seçki gününə qədər davam edəcək.

Sarkisyanın şərəf və ləyaqətdən danışması absurd olduğu qədər gülməlidir. Söhbət ondan getmir ki, Paşinyan şərəflidir. Ümumiyyətlə, ermənilərdə şərəf və ləyaqət adlı dəyər yoxdur”.

N.Mirinin fikrincə, əslində Paşinyanın məğlub olduğu 44 günlük Vətən müharibəsinin əsas səbəbkarı məhz Köçəryan və Sarkisyandır:

“Çünki Ermənistanda orudunu quran, “məğlubedilməz” vəziyyətə gətirib çıxaran bu şəxslərdir. Ordu qısa bir müddətə qurulacaq məfhum deyil. Ona görə də məğlub ordu Sarkisyanla Köçəryanın qurduğudur, məğlub olan da məhz özləridir. Əslində başına güllə sıxacaq adam Paşinyan yox, Sarkisyanın özüdür”.