Paşinyan son 3 ayda 10 faizə qədər səs itirib

"Koçaryanın onu haqlamasının başlıca səbəbi Zəngəzurda yaşananlardır"

"Nikol təslim olmayacaq və seçkiqabağı iki istiqamətdə hərəkət edəcəyi gözləniləndir"


Bu gündən Ermənistanda rəsmən seçkiqabağı təşviqat kampaniyası başlayıb. Kampaniya iyunun 18-dək davam edəcək, bundan sonra "sükut günü" olacaq. Qeyd edək ki, erkən parlament seçkiləri iyunun 20-də keçiriləcək. Seçkilərdə iştirak etmək üçün rekord sayda - 23 partiya və 4 blok qeydiyyatdan keçib. Sabiq prezidentlər Levon Ter-Petrosyan (Erməni Milli Konqresi), Robert Koçaryan ("Ermənistan" bloku), Serj Sarkisyanın lideri olduğu Respublika Partiyası ("Vətən" partiyası ilə birlikdə "Şərəfim var" bloku) seçkilərə qatılacaq.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən siyasi-şərhçi Asif Nərimanlı bildirib ki, 20 iyuna qədər indiyə kimi müşahidə etdiyimiz toqquşmaların iki qatını görə biləcəyik. O qeyd edib ki, xüsusilə “Gallup”un son sorğusunun nəticələri bu gözləntini artırır:

“Gallup”un mart ayında keçirdiyi sorğuda Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyası respondentlərin 33,1 faiz səsini toplamışdı, Koçaryan dördüncü yerdə idi. Mayın son günlərində “Mənim addımım” partiyasının səsi 22,9 faizə düşdü, Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun səsi 17,5 faizə yüksəldi. Son sorğuda Paşinyan yerində sayır (22,9 faiz), Koçaryan isə irəliləyirdi (20,6 faiz)". 

Siyasi analitik Nikol Paşinyanın son aylarda səs itirməsinə də aydınlıq gətirib:

"Paşinyanın son üç ayda səs itirməsinin əsas səbəblərindən biri Ermənistanın “hərbi əsir” adlandırdığı erməni diversantları qaytara bilməməsidir. İkinci səbəb Laçın-Gorus sərhədində baş verən gərginlikdir. 

Sərhədlərin demarkasiyası ilə bağlı yeni sənədin imzalanacağı xəbərindən sonra hakimiyyətin “yeni xəyanətə” hazırlaşdığı üzərində güclənən ictimai rəy də səbəblər sırasındadır. Və sosial-iqtisadi vəziyyət də səbəblərdən biridir.

Çünki sorğuda iştirak edən respondentlərin 50,5 faizi yaşayış səviyyəsini pis, 16,4 faizi çox pis qiymətləndirib. Bu amillər səslərin iqtidar düşərgəsindən müxalifət düşərgəsinə keçidinə şərait yaradır, lakin “niyə Koçaryan önə çıxdı” sualı əsasdır.

Bilirik ki, mart ayında keçirilən sorğuda Koçaryanın seçkiyə hansı formada gedəcəyi müəmmalı idi. May ayında isə  “Daşnaksütyun” və “Dirçələn Ermənistan” partiyalarının birləşməsi ilə yaradılan “Ermənistan” blokuna rəhbərlik edəcəyini bildirdi. Seçki yaxınlaşdıqca, səsvermədə iştirak etmək istəyənlərin sayının artması və qərarsız qalanların seçim etməsidir.

Mövcud hakimiyyətdən uzaqlaşan elektoratın yaddaşında Serj Sarkisyanın dövründəki vəziyyətin Koçaryan hakimiyyəti dövründəkindən daha oyanıq olmasıdır. Ən əsası müharibədəki məğlubiyyətdən və sərhəd hadisələrindən sonra erməni cəmiyyətində millətçi qanadın “xilas yolu” olması rəyinin güclənməsidir.

Koçaryan müharibədən sonra “Vətənin xilası” hərəkatında təmsil olunan daşnakları və sərhəd böhranının yarandığı Sünik (Zəngəzur) vilayətinin keçmiş qubernatoru Vahe Hakobyanın yaratdığı “Dirçələn Ermənistan” partiyasını yanına almaqla ağıllı oynadı, hərçənd, bu ağılın arxasında Moskvanın olduğu şübhəsizdir".

A.Nərimanlı əlavə edib ki, Paşinyanın son üç ayda 10 faizə qədər səs itirməsi və Koçaryanın onu haqlamasının başlıca səbəbi Zəngəzurda yaşananlardır:

"Hesab edirəm ki, Ermənistanda seçkilərin əsas cəbhəsi də bu bölgə olacaq. Koçaryanın  Zəngəzura gəlməsi və seçki kampaniyasına buradan başlamaq qərarı da təsadüfi deyil. Nikol təslim olmayacaq və seçkiqabağı iki istiqamətdə hərəkət edəcəyi gözləniləndir: "Birincisi, seçki kampaniyasında bütün resurslarını rəqib(lər)inə qarşı səfərbər edəcək. İkincisi, sərhəd xətti üzrə təxribat hücumlarını intensivləşdirə bilər. Sərhəddəki son təxribatlar da bu ehtimalları gücləndirir. Ermənistanda seçkiöncəsi dövrdə vacib məqamlardan biri də Azərbaycanın prosesinə təsir imkanlarıdır. Sərhəddə baş verənlər Paşinyan hakimiyyətinin səs itirməsi ilə nəticələndi, indi Bakı yenə Zəngəzurdan İrəvandakı seçkini yönləndirə bilər".