Məlum olduğu kimi, dünən Şuşada Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanan müqavilə həm də özündə hərbi əməkdaşlığı ehtiva edir. Bu isə o deməkdir ki, bizi istəməyənlər, düşmənlər bundan sonra sərsəm bəyanatlar səsləndirməzdən əvvəl iki dəfə düşünməli olacaqlar. Çünki “Şuşa bəyannaməsi” ilə gücümüzə güc qatıldı.
Keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn müqavilənin əhəmiyyəti barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Beləliklə, Azərbaycan-Türkiyə əlaqələrində yeni mərhələ başlandı, müttəfiqliyimiz gücləndi. Bu mənada sənəd tarixi əhəmiyyətlidir. Fikrimcə, sənəddə əksini tapan bəzi məsələlər barədə bundan sonra da ayrı-ayrılıqda sənədlər imzalanacaq. “Şuşa bəyannaməsi” ilə Cənubi Qafqazın geosiyasi dizaynı dəyişdi. Region dövlətləri arasında təhlükəsizliyin təmin olunması və Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi baxımından sənəd mühüm əhəmiyyət kəsb edir”.
P. Hüseyn, həmçinin sənəddə toxunulan Zəngəzur dəhlizi haqqında danışdı:
“Bu, Türkiyə ilə Azərbaycanı, Naxçıvanla Azərbaycanı birləşdirən və Çindən Avropayadək uzanan xətdir. Dəhlizin açılmasının bütün regionun maraqlarına cavab verməsinə dair yekdil fikir var. Narazı olan yalnız Ermənistandakı bəzi qüvvələrdir. Məncə, necə adlandırılmasından asılı olmayaraq sözügedən nəqliyyat-kommunikasiya xəttinin açılması tam real məsələdir”.