Ancaq Ermənistan siyasətində dəyişiklik edərsə, Avrasiya İqtisadi Birliyi müzakirə mövzusu ola bilər
"Ermənistan normal dialoqa gəlib, siyasətində dəyişiklik edərsə, yaxın vaxtlarda Azərbaycan Rusiyanın yaratdığı Avrasiya İqtisadi Birliyinə daxil ola bilər”. Bu barədə BAXCP sədrinin müşaviri Azər Qasımov deyib.
Partiya rəsmisi bildirib ki, böyük ehtimal Azərbaycan heç vaxt KTMT-yə daxil olmayacaq: “Azərbaycanın regionda yürütdüyü balanslaşdırılmış siyasət Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsindən sonra forma və məzmununu dəyişib tək vektorlu yön aldı. Regiondakı siyasi vəziyyət və Azərbaycan-Türkiyə müqaviləsinə səssiz qalan Rusiyanın mövqeyi belə fikirləşməyə əsas verir. Rusiya Dövlət Dumasının komitə sədri də bildirib ki, “dəhlizlər tez açılsa Azərbaycanın Avrasiya Birliyinə üzvlüyü də sürətlənəcək”. Moskvanın proseslərdən sonra altıtərəfli iqtisadi əməkdaşlıqdan söz edilməsinə vurğu etməsi də təsadüfi deyil. Məntiqlə belə bir addım Şuşa Bəyannaməsindən sonra normal addım ola bilər. Həm Rusiya tərəfi razı qalar, həm də bu inteqrasiya Şuşa Bəyannaməsinin təsiri ilə Azərbaycanın milli maraq və təhlükəsizliyinə təhlükə yaratmaz. Eyni zamanda, “Qarabağ məsələsində” son nöqtəni qoymağa şərait yaradar”.