Dünən Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatdakı konfransında çıxış edib. Ölkə başçısı bildirib ki, Azərbaycanın şanlı Qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir:
“2020-ci il Azərbaycan üçün əlamətdar il olub, çünki Hərəkatın gündəliyində dayanan vacib mövzulardan biri uğurla həll edilib.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və ATƏT daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar da buna bənzər qərar və qətnamələr qəbul edib. Lakin Ermənistan aparıcı beynəlxalq təşkilatların tələblərinə məhəl qoymayıb. Beləliklə, Ermənistanın yeganə məqsədi status-kvonun saxlanılmasından və işğalın möhkəmləndirilməsindən ibarət olub”.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli “Sherg.az”a bildirib ki, Qoşulmama Hərəkatı Azərbaycan üçün vacib kanallardan biri hesab edilir:
“Azərbaycanın 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmiz üçün mühüm hadisələrdən biridir. Dövlətimiz Hərəkatın prinsiplərinə də ciddi şəkildə riayət edir. Beynəlxalq proseslərin fəal üzvü kimi Qoşulmama Hərəkatı Azərbaycan xarici siyasətinin vacib tərəflərindən biridir. Ölkəmizin bu istiqamətdə apardığı siyasəti davam etdirməsi məqsədəuyğundur. Çoxtərəfli formatları nəzərə alsaq, deyə bilərəm ki, bu, ölkəmizin xeyrinə olan platformadır. Qoşulmama hərəkatına üzv olan ölkələrin bir qismi Qarabağ müharibəsindəki böyük qələbəmizi təqdir edən məktubla Azərbaycan Prezidentini və dövlətimizi təbrik etdilər. Qurumun dünənki onlayn tədbirində Prezidentimiz indiyə qədər Hərəkatının önəmini vurğuladı. Konfrans ümumilikdə Qoşulmama Hərəkatının nüfuzuna xidmət edir. Fikrimcə, sözügedən qurumun üzvü olan ölkələr Azərbaycanın sədrliyi dövründə Hərəkatın qazandığı uğurları unutmayacaq və daim xatırlayacaqlar”.