Strateji tərəfdaşlıq: Bakı və Roma tarixi əlaqələrə malikdir -ANALİZ

Azərbaycan dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bu mənada Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Təsadüfi deyil ki, hazırda ayrı-ayrı dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verilir. Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır.  Tarixə nəzər salsaq görərik ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Həmin səfər zamanı Heydər Əliyev İtaliya Prezidenti, Baş nazir, Senatın və Deputatlar Palatasının sədrləri ilə görüşüb. Ulu Öndərin İtaliyaya səfəri nəticəsində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb. Beləliklə, qarşılıqlı münasibətlər və əlaqələr artan xətt boyu inkişaf etməyə başlayıb, bir sıra səfərlər həyata keçirilib. Ölkələrimizin enerji sahəsində əməkdaşlığı da yüksək səviyyədədir. İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. Ötən il TAP kəməri vasitəsilə İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub ki, bu da Azərbaycanın bu ölkənin enerji təhlükəsizliyinə töhfəsinin təzahürüdür. İtaliya işgüzar dairələri, həmçinin Azərbaycanda böyük məbləğdə sərmayələr qoyur, həyata keçirilən bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə iştirak edirlər. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda 100-dən çox İtaliya investisiyalı kommersiya qurumu sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir. 


 Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Sherg.az”a söyləyib ki, Azərbaycan bir çox sahələri əhatə edən və strateji tərəfdaşlığa çevrilmiş İtaliya ilə tarixi və mükəmməl ikitərəfli əlaqələrə malikdir:

“İki ölkə arasında siyasi dialoqun yüksək keyfiyyəti zəngin iqtisadi və ticari əməkdaşlıq əlaqələri ilə möhkəmlənməkdədir. Avropa İttifaqı, Avropa Şurası, AŞPA, ATƏT kimi təşkilatlarla əlaqələrin genişləndirilməsində maraqlı olan Azərbaycan üçün İtaliya ilə münasibətlərin dərinləşməsi Avropaya ilə inteqrasiya baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Cənubi Qafqaz regionunda lider olan Azərbaycanla əməkdaşlıq rəsmi Romanın regionun iqtisadi həyatında aktiv yer alması üçün də şərait yaradır. Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqamətində münasibətlər sürətlə inkişaf etməkdədir. Hər iki respublikanın dövlət başçıları bu münasibətlərin genişlənməsində maraqlı olduqlarını dəfələrlə bəyan ediblər. İki ölkə arasındakı əlaqələrin genişlənməsində dövlət başçılarının və digər rəsmi şəxslərin qarşılıqlı səfərləri, səfərlər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan müqavilə və sazişlərin imzalanmasının böyük əhəmiyyəti var”.

Millət vəkili bildirib ki, İtaliya Avropada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır:
“2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 15,7 milyard dollar təşkil edib ki, onun 15,2 milyard dolları ixracın payına düşür. İtaliya Azərbaycanın enerji ixracında ən böyük partnyorudur. Eyni zamanda, Azərbaycan İtaliyanın Cənubi Qafqaz ölkələri ilə arasında ən iri ticarət tərəfdaşıdır ki, bu bölgədə İtaliyanın apardığı ticarətin 90 faizdən çoxu Azərbaycanın payına düşür. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. Əlaəqlər durmadan artır, sərmayə qoyuluşları təşviq edilir. Ötən il “Ansaldo Energia” ilə “AzərEnerji” arasında imzalanan və dəyəri 160 milyon avro olan müqavilə çərçivəsində İtaliya şirkətinin Azərbaycandakı yeni elektrik stansiyasını 4 qaz turbini ilə təchiz edəcəyi diqqətə çatdırılır. Eyni zamanda, İtaliyanın “Leonardo” şirkətinin Azərbaycan Silahlı Qüvvələrinin hərbi-texniki modernləşdirilməsi proqramı çərçivəsində Azərbaycana “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi tədarük edib. Ümumiyyətlə Azərbaycan Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan təbii qazı Avropaya nəql edən Trans-Adriatik Boru kəməri Balkan regionundan Adriatik dənizindən keçməklə İtaliyanın Apuliya regionu sahillərinə çatır. Qaz boru kəməri texniki nöqteyi-nəzərindən obyektiv və əsaslı töhfə olmaqla yanaşı, xəttin keçdiyi bütün ölkələrin maraqlarını birləşdirən siyasi infrastrukturu təmsil edir”.