“1-ci siniflərin qəbul hazırlığı tam qaydasında gedib”:
Bunu "Sherg.az"a təhsil eksperti Elçin Əfəndi bildirib.
Onun sözlərinə görə bu sahədə hər hansı bir narazılıq yaşanmır:
“Sadəcə bəzi hallarda valideynlər narahatlıq yaradırlar. Yəni yaşadıqları yerdə olan məktəblərə deyil, uzaq ərazidə olanlara seçim edirlər. Belə olan halda da seçimlər müsbət nəticələnmir. Ümumiyyətlə sagirdlər faktiki yaşadığı ünvan ərazisində məktəblər varsa ora sorğunu göndərir və həmin ərazidə də qəbul olunurlar. Digər problem isə, rus bölmələrindədir. Təbii ki, valideynlərin böyük əksəriyyəti istəyir ki, övladı rus bölməsində təhsil alsın. Ancaq ya yaşadığı ərazinin məktəbində rus bölməsi olmur, ya da uzaq ərazidə rus bölməsindən imtahan verib qəbul olan uşaqlar yeri doldururlar. Yəni müsahibə mərhələsini keçən uşaqlar qəbul olur digərləri isə kənarda qalırlar. Dəfələrlə çağırış edirik, rus bölməsində yalnız slavyan xalqlarına aid olan şəxslərin övladları təhsil alsın. Ata da, ana da Azərbaycan dilində danışırlarsa, uşağı rus bölməsinə qoymağın mənası yoxdur. Çünki uşaq o zaman çox əziyyət çəkir. Bu şagirdin ümumi qiymətlərinə də təsir etmiş olur. Yaxşı olar ki, valideynlər ilk növbədə Azərbaycan bölməsinə üstünlük versinlər. Ümumiyyətlə qəbul şəffaf bir sistemdir”.