Təcavüzkar ölkə ortada vurnuxur

Müharibədəki məğlubiyyət Ermənistanın bütün resurslarını tükədib

İrəvanın yeganə çıxış yolu diplomatik cəbhədə mənasız cəhdlər etməkdir


Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Füzuli və Şuşaya səfəri mövcud vəziyyətin öyrənilməsi, həqiqətlərin bütün dünyaya çatdırılması baxımından çox önəmli hadisədir. Diplomatik nümayəndələrin, xarici ölkə səfirlərinin budəfəki səfərləri də istər Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyinin, istərsə də onun sələflərinin faşist xislətini daha əyani şəkildə göstərmiş oldu. Ermənilərin əsl simasını ortaya qoydu. Diplomatların açıqlamalarından da aydın sezildi ki, onlar bu torpaqların ermənilər üçün yad olduğunu qarşılaşdıqları “mənzərə” sayəsində əyani gördülər.

Əvvəlcədən gözlənildiyi kimi bu səfər Ermənistanı və onun havadarlarını bərk qıcıqlandırdı. Ermənilər narahatlıqlarını gülünc addımlarla büruzə verdilər. Ermənistanın başsız Xarici İşlər Nazirliyi diplomatların Şuşaya səfərini “qanunsuz” adlandıraraq, Ermənistandakı konsulları XİN-ə çağıraraq onlara “nota” verdi. Kin və nifrəti ilə yanaşı növbəti absurd hərəkətlərini sərgilədilər. Növbəti dəfə həyasızlıq nümayiş etdirərək Şuşaya getməyin “qəbuledilməz” olduğunu bildirdilər. Ermənistan XİN-in “notası” Azərbaycan tərəfində səssiz qarşılanmayıb. Xarici İşlər Nazirliyimiz vurğulayıb ki, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən nəinki etiraz, heç şərh belə oluna bilməz. Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, Ermənistan XİN-in bu addımı beynəlxalq hüquqa ziddir və ərazi iddialarından çıxış edən mövqe deməkdir: “Bu ərazilərə səfərlər Ermənistanın hərbi işğalı altında olan zaman qanunsuz xarakter daşıyırdı. Artıq Şuşa azad olunub, digər azad olunan bölgələrimiz kimi Azərbaycanın tərkib hissəsidir. Bura səfərlər də edilir və ediləcək, bərpa işləri də həyata keçirilir, şəhərin qanuni sahibləri öz evlərinə geri qayıdacaqlar, bir sözlə, mədəniyyət beşiyimizdə həyat yenidən canlanacaq”. 

Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, siyasi şərhçi Əhməd Şahidov “Şərq”ə deyib ki, Ermənistan müharibədə hər şeyini, bütün resurslarını tükədib. Ekspertin sözlərinə görə, İrəvanın yeganə çıxış yolu diplomatik cəbhədə mənasız cəhdlər etməkdir:

“Çox həyasız bir bəyanatdır. Dünya ölkələri Qarabağın, Şuşanın Azərbaycana məxsus olduğunu bilir və hər bir ölkə ərazi bütövlüyümüzü tanıyır. Əslində Ermənistan tərəfi də 10 noyabr və 11 yanvar bəyanatlarına imza atmaqla bunu rəsmən təsdiqləyib. Bu baxımdan xarici ölkə səfirlərinin Azərbaycanın istənilən ərazisinə, habelə Şuşaya səfərinin təşkil edilməsi normal və təbii haqqımızdır. Aylardır bu ənənə davam etdirilir. Digər rayonlarımıza da diplomatik korpusun nümayəndələrinin səfərləri təşkil olunub. Hesab edirəm ki, erməni vəhşiliyinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından bu cür səfərlər çox effektlidir. Hər bir ölkənin səfiri ilk növbədə öz ölkəsini məlumatlandırır”. 

Ə.Şahidov vurğulayıb ki, Ermənistan çıxılmaz vəziyyətdədir:

“Cənab Prezidentin də ifadə etdiyi kimi dalana dirənib. Hazırda edə biləcəkləri yeganə iş XİN vasitəsi ilə müəyyən açıqlamalar, notalar verməkdir. Əslində bu məqam Ermənistanın nə qədər çaşqın və məyus durumda olduğunu göstərir. Hər bir ölkənin səfiri hara, nə məqsədlə səfər etdiyini çox yaxşı bilir. Qarabağda infrastruktur tam bərpa olunandan sonra ora səfərlərin sayını daha da artırmaq lazımdır. Biz 30 ilə yaxın davam edən erməni vandalizmini hər kəsə göstərməliyik. Ümumiyyətlə, müharibənin nə qədər dağıdıcı fəaliyyət olduğunu dünyaya çatdırmalıyıq. Azərbaycanlılar haqlı yoldadır. ABŞ, Rusiya və Fransa səfirlərinin Şuşaya getməkdən imtina etməsi anlaşılan deyil. Düzdür, bunu neytral qalmaqla əsaslandırıblar. Amma bunun özü absurd yanaşmadır. Çünki hər üç ölkə həmsədr dövlət olmaqla yanaşı, ayrılıqda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.