“Belarusla əlaqələrimiz arzuolunan nəticələr vəd edir”

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair” müqavilə təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununu imzalayıb. Müqavilə 2021-ci il mayın 18-də Bakı şəhərində imzalanıb.



Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a açıqlamasında sözügedən addımı müsbət qiymətləndirdi:

“Düzdür, Azərbaycanın Belarusla münasibətləri birmənalı qarşılanmır və bu, başa düşüləndir. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət yeridir. Bu mənada əlaqələrimiz təəccüblü deyil. Həm də Belarusun ağır sənayə sahəsində uğurları kifayət qədərdir. Biz onun təcrübəsindən yararlana bilərik”.

H. Səhrablı, həmçinin əlaqələrin siyasi əhəmiyyətindən danışdı:
“Belarus Ermənistanın potensial müttəfiqlərindən biridir. Hər halda hər iki dövlət KTMT üzvüdür. Bu mənada biz Ermənistanı təcrid etməyə, məhz potensial müttəfiqlərindən ayırmağa çalışırıq. Fikrimcə, Belarusla əlaqələrimiz arzuolunan nəticələr vəd edir”.