Əsas məqsəd kövrək sülhü "yaralamaq" və Azərbaycanı təzyiq altında saxlamağa cəhddir
“Rusiyalı ekspertlər hesab edirlər ki, Ermənistanın Azərbaycana qarşı növbəti təxribatları, sülhə zərbə vurmaq cəhdləri Putinə qarşı yönəlib. Çünki Ermənistana cavabdeh Rusiyadır və 10 noyabr sazişində Putinin imzası, təşəbbüsü Ermənistanı xilas edib”. Bunu “Cümhuriyyət” qəzetinin və “Cebhe.info” saytının baş redaktoru, siyasi şərhçi Rafail Becanov deyib. Baş redaktor bildirib ki, Ermənistan hakimiyyəti indi törətdiyi əməllərlə Rusiyanın onlara nəzarət imkanlarını itirdiyini və sülhə töhfə verə bilmədiyini göstərməyə çalışır.
Bununla da Putinin nüfuzuna xələl yetirilir: “İlk baxışdan məntiqlidir. Amma alt qatda olanlar həqiqətən budurmu? Doğrudanmı Paşinyan və tərəfdarları o qədər güclənib ki, Putinə qarşı belə bir demarş başladırlar?
Təbii ki, inandırıcı deyil. Belə olsaydı, Rusiya çoxdan Ermənistan daxilindəki “kolonları”nı hərəkətə gətirər və Paşinyana yerini göstərərdi. Lakin Rusiyanın Ermənistandakı “kolonları” susur və hadisələrin gedişini izləyirlər. Şuşanın, Kəlbəcərin və hətta Naxçıvanın atəşə tutulması regiondakı kövrək sülhün dayanıqlı olmaması anlamındadır. Eyni zamanda Rusiyanın mesajının Ermənistanın əliylə görüntülənməsidir. Bu, genişmiqyaslı planın elementlərindən biridir və alt qatda Şuşa bəyannaməsinə qarşıdır”.
Ekspertin fikrincə, bütün bunların Paşinyanın Rusiya səfərində müzakirə edildiyi istisna edilmir:
“Əsas məqsəd kövrək sülhü "yaralamaq" və Azərbaycanı təzyiq altında saxlamağa cəhddir. Konkret olaraq isə bu qarışıqlıq Ermənistandan çox Rusiyaya lazımdır. Çünki Rusiya Azərbaycanla Türkiyə arasındakı münasibətlərin dərinləşməsindən və Azərbaycanın ictimai seqmentində Türkiyə ordusunun hansısa formada Şuşada yerləşdirilməsi ilə bağlı fikirlərin tirajlanmasından çox narahatdır. Ona görə Ermənistanın təxribatını stimullaşdırır. Rusiyanın bu mövqeyi isə Paşinyana indiki durumda dividend gətirir. Ona hakimiyyətini möhkəmlətmək və rəqiblərini sıradan çıxarmaq üçün şans yaradır. Bu səbəbdən Paşinyana indiki məqamda Rusiyanın əlinə oynamaq sərf edir. Azərbaycana qarşı təxribatlar və sülh prosesinin əngəllənməsində Rusiya ilə Paşinyanın maraqları hazırda uzlaşır. Biri öz hakimiyyətini möhkəmlədir, digəri isə əvəzedilməzliyini göstərməyə çalışır”.