İran prezidentinin Bakıya ünvanladığı təbrik İrəvanda narahatçılığa səbəb olub
İranın yeni Prezidenti Seyid İbrahim Rəisinin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etməsi Ermənistanda narahatlığa səbəb olub. Erməni siyasətçilər İran rəhbərlərinin müharibədən sonra ərazi bütövlüyümüzün bərpasından aşkar şəkildə məmnun qalmalarını ifadə etmələrindən gileylənirlər. Məsələn, "Çiçəklənən Ermənistan" partiyasının nümayəndəsi Arman Abovyan Rəisinin Azərbaycan Prezidentinə ünvanladığı xoş sözlərdən danışıb. Yerli mediaya açıqlama verən Abovyan Ermənistana yaxınlığı ilə seçilən İranın Qarabağ məsələsində Azərbaycanın yanında olmasından gileylənib.
İran prezidentinin "Azərbaycanın ərazilərini uğurla azad etməsi" cümləsini "hamımızın üzünə vurulan daha bir şillə" kimi dəyərləndirən erməni siyasətçi xalqı iranlıları günahlandırmamağa çağırıb. O qeyd edib ki, İran sadəcə erməni səlahiyyətlilərin xarici cəbhədəki absurd davranışlarının nəticəsindən çıxış edərək belə addım atıb.
Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistanda təkcə iqtidar komandasında təmsil olunanlar deyil, müxalifətdə təmsil olunanlar da daim belə absurd açıqlamalar verirlər. Politoloq qeyd edib ki, normalda müxalifət nümayəndələri Ermənistanda hökm sürən faşist ritorikalarından uzaqlaşdırmaq üçün alternativ fikirlər və tezislər irəli sürməlidir:
"Lakin görünən odur ki, onlar Ermənistanda mənasız radikal milliyyətçilik eyforiyasının qalmasında maraqlıdırlar. Bu baxımdan "Çiçəklənən Ermənistan" partiyasının nümayəndəsi Arman Abovyan, istərsə də digər müxalif yönümlü şəxslər daimi işğal və Qarabağla bağlı hücumçu və aqressiv fikirlər səsləndirirlər. Bu da erməni siyasi kimliyini və dünyagörüşünün əsl mahiyyətini ortaya qoyur".
Politoloq qeyd edib ki, İranın yeni Prezidenti Seyid İbrahim Rəisinin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etməsi çox normal və yerində atılmış bir addımdır:
"Çünki cənab Prezident də dəfələrlə vurğulayıb ki, İran İslam Respublikası Azərbaycanla dost ölkədir. Hətta işğaldan azad edilmiş bölgələrə səfəri zamanı prezidentimiz İranı dost hesab etməsiylə bağlı fikirlər də səsləndirib. Bilirsiniz ki, İranla Azərbaycan arasında tarixi əlaqələr mövcuddur və iki ölkənin qonşuluq siyasəti var. Görünür, İranla Azərbaycan əlaqələrinin mühüm və lazımlı olduğunu İranın yeni Prezidenti Rəisi də başa düşür. Həmçinin, cənab prezident tərəfindən irəli sürülmüş 3+3 formatına daha əvvəl İran xarici işlər naziri bu bölgəyə səfərində müsbət yanaşdığını vurğulamışdı. Düşünürəm ki, Zəngəzur dəhlizinin açılması daxil olmaqla, "Altılıq platforma"da İran öz marağını yüksək şəkildə ifadə edir. Bu baxımdan İran prezidentinin İlham Əliyevi təbrik etməsi çox mühümdür. Ermənistanın bundan narahat olması isə klassik erməni şüurunun və dünyagörüşünün hələ də hansı səviyyədə olmasının bariz nümunəsidir".