Sərhədlərin demarkasiyası niyə ləngiyir? - Açıqlandı

“Yalnız yekun sülh müqaviləsi imzalanandan sonra məsələ tam həllini tapa bilər”  


Millət vəkili Nizami Səfərov sərhədlərin delimitasiyası və demarkasiyası barədə danışıb. O, bildirib ki, hazırkı mərhələdə sözügedən məsələ bizim prioritetimizdir: “Azərbaycan Respublikasının Ermənistanla olan dövlət sərhədinin bərpası istiqamətində attığı bütün addımlar beynəlxalq-hüquqa əsaslanır və beynəlxalq təcrübəyə də tamamilə uyğundur.

Bu baxımdan qeyd edilən məsələnin həllində Ermənistanın beynəlxalq hüquqi çərçivədən kənara çıxmaması üçün təkcə Azərbaycan deyil, həmçinin beynəlxalq birlik, beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər zəruri səy göstərməlidir”.

Keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Sherg.az” a açıqlamasında prosesinin ləng icrasının səbəblərini açıqladı: 

“Bu, təəccüblü deyil. Məsələnin həm texniki, həm də hərbi-siyasi tərəfləri var. İş orasındadır ki, Ermənistan SSRİ dövründəki inzibati sərhədləri qəbul etmək istəmir. Həmçinin ərazi iddialarını davam etdirir və təcavüzkar siyasətindən əl çəkmir. Bu mənada yalnız yekun sülh müqaviləsi imzalanandan sonra məsələ tam həllini tapa bilər”.