“Çünki İranın ədalətsiz, haqsız xarici siyasəti cəmiyyətimizdə bu dövlətə qarşı qıcıq yaradıb”
Qafqazın şeyxi Allahşükür Paşazadənin Bayram namazı zamanı səsləndirdiyi nitqi ciddi müzakirələrə səbəb olub. O, bildirib ki, İranın dini lideri Xamneyninin fətvası Qarabağ müharibəsindəki qələbəmizi təmin etdi. Elə idisə bu qədər şəhidi nə üçün verdik?! Niyə həyəcan keçirdik, gecə-gündüz yatmadıq?! Niyə diplomatiyada yüz ölçüb, bir biçdik?! Allahşükür Paşazadə, doğrudan, bütün bunlardan xəbərsizdir?!
Ağ Partiya sədri Tural Abbaslı “Sherg.az”a məsələ barədə münasibət bildirdi:
“Fikrimcə, ajiotajın kökündə dayanan bizim İrana olan haqlı münasibətimizdir. Şeyx Türkiyəyə, Ərdoğana da təşəkkür etmişdi. Niyə həmin ifadələr gündəm olmadı? Bax, əsl sual budur. Çünki İranın ədalətsiz, haqsız xarici siyasəti cəmiyyətimizdə bu dövlətə qarşı qıcıq yaradıb”.
T.Abbaslı düşünür ki, rəsmi Tehran baş verənlərdən nəticə çıxarmalıdır:
“Allahşükür Paşazadə məhz İranın yanlış xarici siyasətinə görə hədəfə gəldi. Şeyx İran rəhbərliyinə jest etdi. Qonşu dövlət, heç olmasa, bundan sonra Azərbaycanla normal siyasət aparmalıdır. Əks halda iki-üç ay sonra fərqli bir insanın oxşar açıqlaması da eyni reaksiyaya səbəb olacaq. İran unutmamalıdır ki, orada xeyli sayda soydaşımız yaşayır. Məhz bu səbəbdən xalqımızın rəğbətini qazanmağa çalışmalıdır”.