Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu təsdiqləyib. Bu barədə o, hökumətin iclasında bildirib.
“Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaq vəzifəsini yerinə yetirməyə qərarlıdır”, - deyə Paşinyan vurğulayıb.Bəzi şərhçilər Paşinyanın Moskvada Azərbaycan və Rusiya prezidentlərinin görüşündən sonra məhz belə qənaətə gəldiyini iddia edirlər.
Keçmiş spiker Yaqub Məmmədov “Sherg.az”a açıqlamasında sözügedən bəyanata münasibət bildirdi:
“Paşinyan belə danışır, amma ard-arda təxribatlar törədilir. Bu, ikiüzlülükdür. Ermənilər riyakarlıq edirlər. Odur ki, düşmənə inanmaq olmaz. Düzdür, yekun sülh müqaviləsi gec-tez imzalanacaq, lakin ehtiyatı əldən verməməliyik”.